Bakıda 1 otaqlı mənzillər sabit investisiya aləti kimi qalır

Bakıda 1 otaqlı mənzillər sabit investisiya aləti kimi qalır

BİZNES
313

Fins.az - Bakıda 1 otaqlı, hazır-təmirli mənzillərə investisiya daşınmaz əmlak bazarında ən stabil istiqamətlərdən biri hesab olunur. Bazar müşahidələri göstərir ki, bu tip mənzillər həm münasib qiymət seqmentinə daxil olması, həm də kirayə bazarında yüksək tələbatla seçilməsi səbəbindən investorlar üçün cəlbedici olaraq qalır.

Hazırda paytaxtda 1 otaqlı mənzillərin aylıq kirayə qiymətləri əsasən 350–600 manat aralığında dəyişir, daha ucuz variantlar 250 manatdan başlayır, mərkəzi ərazilərdə isə 600 manatdan yuxarı təkliflərə rast gəlinir. Satış bazarında isə bu tip mənzillərin qiyməti orta hesabla 90 min manatdan 140 min manatadək dəyişir.

Hesablamalara görə, aylıq təxminən 450 manat kirayə gəliri gətirən və 100–110 min manata alınan mənzil üzrə illik gəlirlilik 4–6 faiz təşkil edir. Bu isə investisiyanın geri dönüş müddətinin təxminən 17–22 il aralığında formalaşdığını göstərir.

Ekspertlərin sözlərinə görə, 1 otaqlı mənzillərin əsas üstünlüyü onların yüksək likvidliyidir. Bu tip mənzillər daha tez satılır və kirayə verilir, xüsusilə tələbələr və gənc ailələr arasında davamlı tələbat mövcuddur. Bu da boş qalma riskini minimum səviyyədə saxlayır.

Bununla yanaşı, qeyd olunur ki, bu investisiya yüksək gəlirdən çox sabitlik və uzunmüddətli qazanc üçün uyğundur. Təmir xərcləri, kirayəçi dəyişiklikləri və bazar dalğalanmaları müəyyən risklər yaratsa da, daşınmaz əmlakın dəyərinin zamanla artması bu amilləri qismən kompensasiya edir.

Mütəxəssislərin fikrincə, bu model daha çox fiziki şəxslər üçün sərfəlidir. Hüquqi şəxslər üçün isə yalnız geniş mənzil portfeli olduqda effektiv sayılır.

Ümumilikdə, Bakıda 1 otaqlı mənzillərə investisiya qoyuluşu yüksək gəlirli deyil, lakin maliyyə sabitliyi və davamlı kirayə gəliri baxımından etibarlı investisiya aləti kimi qiymətləndirilir.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Bakıda 1 otaqlı mənzillər sabit investisiya aləti kimi qalır — Fins.az — Fins.az