Bakı və Daşkənd birgə investisiya fondunun yaradılması üzrə Yol Xəritəsi hazırlayacaq

Bakı və Daşkənd birgə investisiya fondunun yaradılması üzrə Yol Xəritəsi hazırlayacaq

BİZNES
1,265

Azərbaycan və Özbəkistan birgə investisiya fondunun fəaliyyətinin təşkili üzrə Yol Xəritəsinin qısa müddət ərzində işlənib hazırlanması və təsdiq edilməsi, həmçinin müvafiq hökumətlərarası sazişin hazırlanmasına başlanılması ilə bağlı razılığa gəlib.

"Fins.az" xəbər verir ki, bu razılaşma bu gün Daşkənddə Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov və Özbəkistan baş nazirinin müavini, investisiya və xarici ticarət naziri Cəmşid Xocayevin görüşündə əldə edilib.

“Görüşdə investisiya, iqtisadi-ticarət, nəqliyyat və logistika sahələrində ikitərəfli əməkdaşlığın genişləndirilməsi məsələləri müzakirə olunub”, - deyə Özbəkistanın İnvestisiya və Xarici Ticarət Nazirliyi qeyd edir.

Son beş il ərzində Özbəkistanda yaradılmış Azərbaycan kapitallı birgə müəssisələrin sayı 4 dəfə artaraq 243-ə çatıb. Öz növbəsində, Azərbaycanda Özbəkistan kapitalının iştirakı ilə 70 müəssisə fəaliyyət göstərir.

Tərəflər neft-qaz, kimya sənayesi, tekstil və kənd təsərrüfatı sahələrində dəyəri $500 milyondan artıq olan 87 birgə layihə və ticarət müqaviləsinin vaxtında və keyfiyyətlə həyata keçirilməsi istiqamətində səyləri artırmaqla bağlı razılığa gəliblər.

Bundan başqa, dialoq zamanı tərəflər birgə investisiya fondunun yaradılması təşəbbüsünün reallaşdırılmasını davam etdirmək niyyətlərini təsdiq ediblər və bununla əlaqədar qısa müddət ərzində fondun fəaliyyətinin təşkili üzrə Yol Xəritəsinin hazırlanması və təsdiqlənməsi, həmçinin müvafiq hökumətlərarası sazişin hazırlanmasına başlanılması barədə razılıq əldə ediblər.

“Nəqliyyat-logistika əlaqələrinin möhkəmləndirilməsi perspektivlərinin müzakirəsi zamanı tərəflər Özbəkistan və Azərbaycan arasında beynəlxalq avtomobil əlaqəsi haqqında hökumətlərarası saziş çərçivəsində qarşılıqlı fəaliyyətin intensivləşdirilməsi, habelə Özbəkistan üçün mal vaqonlarının ASCO bərələrində Xəzər dənizi ilə daşınmasının sürətləndirilməsi barədə razılığa gəliblər”, - deyə məlumatda vurğulanır.

Eyni zamanda, tərəflər regionlararası əməkdaşlığın genişləndirilməsi perspektivlərini, o cümlədən 2022-ci ilin noyabr ayında Daşkənddə milli mal sərgisinin təşkilini, eləcə də investisiya layihələri paketi və iki ölkənin regionları arasında əməkdaşlığın inkişafına dair konkret təkliflər qabaqcadan hazırlanmaqla Özbəkistan və Azərbaycan regionlarının birinci forumunun keçirilməsini müzakirə ediblər

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Bakı və Daşkənd birgə investisiya fondunun yaradılması üzrə Yol Xəritəsi hazırlayacaq — Fins.az — Fins.az