“Bakı Enerji Həftəsi” çərçivəsində bir sıra görüşlər keçirilib

“Bakı Enerji Həftəsi” çərçivəsində bir sıra görüşlər keçirilib

BİZNES
164

Fins.az - “Bakı Enerji Həftəsi” çərçivəsində energetika naziri Pərviz Şahbazov bir sıra görüşlər keçirib.

Banqladeşin energetika və mineral ehtiyatlar naziri İqbal Həsən Mahmudla baş tutan görüşdə Azərbaycanla Banqladeş arasında enerji sahəsində əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilib. Enerji təhlükəsizliyinin təmin edilməsində təchizat mənbələrinin və marşrutlarının şaxələndirilməsinin əhəmiyyəti vurğulanaraq neft və LNG tədarükü istiqamətində əməkdaşlıq imkanları nəzərdən keçirilib. Görüşdə SOCAR ilə Banqladeş şirkətləri arasında mövcud əməkdaşlığın genişləndirilməsi, LNG tədarükü və uzunmüddətli enerji tərəfdaşlığının formalaşdırılması məsələləri ətrafında fikir mübadiləsi aparılıb. D-8 formatında enerji əməkdaşlığının vacibliyi qeyd olunub.

Almaniyanın “VNG AG” şirkətinin İdarə Heyətinin sədri Ulf Heitmüller ilə görüşdə isə qaz tədarükü, enerji keçidi və aşağı karbon həlləri üzrə əməkdaşlıq məsələləri müzakirə edilib. Qlobal enerji bazarında mövcud vəziyyət, enerji böhranı fonunda təchizat təhlükəsizliyi, bazarların şaxələndirilməsi və beynəlxalq enerji əməkdaşlığının genişləndirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb.

Görüşdə ölkədə həyata keçirilən enerji keçidi, bərpa olunan enerji mənbələrinin inkişafı, batareya enerji saxlama sistemləri və enerji sisteminin modernləşdirilməsi məsələləri diqqət mərkəzində olub. Bildirilib ki, Azərbaycanda artıq 11 sənaye miqyaslı günəş və külək enerjisi layihəsi icra edilir və bu layihələr yaxın illərdə ölkənin quraşdırılmış gücündə əhəmiyyətli paya sahib olacaq. Qeyd olunub ki, bərpa olunan enerji layihələri nəticəsində həm təbii qaz qənaəti təmin edilir, həm də ixrac imkanları genişlənir. Eyni zamanda şəbəkənin gücləndirilməsi və enerji sisteminin dayanıqlığı üçün investisiyalar artırılır. Həmçinin gələcək enerji sistemində hidrogen, biometan və digər alternativ enerji mənbələrinin rolu, Azərbaycan, Türkiyə və Avropa istiqamətində elektrik enerjisi interkonnektor layihələrinin əhəmiyyəti qeyd olunub, bu istiqamətlərdə əməkdaşlıq imkanları dəyərləndirilib.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
“Bakı Enerji Həftəsi” çərçivəsində bir sıra görüşlər keçirilib — Fins.az — Fins.az