Azərbaycan–Türkiyə–Avropa enerji dəhlizində Zəngəzur ötürmə xətti tikilir

Azərbaycan–Türkiyə–Avropa enerji dəhlizində Zəngəzur ötürmə xətti tikilir

BİZNES
538

Azərbaycan daxili tələbat, ixrac və məlumat mərkəzləri üçün 8 qiqavatlıq bərpa olunan enerji gücünün yaradılması planını həyata keçirir. Bunun 2 giqavatı gələn il milli şəbəkəyə inteqrasiya ediləcək, 3,9 giqavatlıq hissənin isə 2032-ci ildən etibarən ixrac olunması nəzərdə tutulur.

Fins.az xəbər verir ki, bunu Azərbaycanın energetika naziri Pərviz Şahbazov bu gün Bakıda keçirilən Cənub Qaz Dəhlizi Məşvərət Şurası nazirlərinin 12-ci iclası və Yaşıl Enerji Məşvərət Şurası nazirlərinin 4-cü iclası çərçivəsində çıxışı zamanı bildirib.

Nazir qeyd edib ki, “Xəzər–Qara dəniz–Avropa” Yaşıl Enerji Dəhlizi üzrə texniki-iqtisadi əsaslandırma yekunlaşmaq üzrədir və ilk iki mərhələ ENTSO-E-nin növbəti 10 illik şəbəkə inkişaf planı çərçivəsində qiymətləndirilir. Nəticələrin 2026-cı ildə açıqlanması gözlənilir. “Mərkəzi Asiya–Azərbaycan Yaşıl Enerji Dəhlizi” üzrə texniki-iqtisadi əsaslandırma isə davam edir.

Pərviz Şahbazov əlavə edib ki, 1 000 meqavat gücündə Zəngəzur ötürmə xəttinin tikintisinə başlanılıb və bu layihə Azərbaycan–Türkiyə–Avropa Yaşıl Enerji Dəhlizinin əsas halqasını təşkil edir. Eyni zamanda, Naxçıvandan 1 giqavat Günəş enerjisinin Türkiyə şəbəkəsinə inteqrasiyası üçün texniki həllər qiymətləndirilir və Azərbaycan–Türkiyə–Gürcüstan–Bolqarıstan dəhlizi üzrə işlər irəliləyir.

Bütün bu təşəbbüslər birlikdə yeni transmilli enerji körpüsünü formalaşdıracaq və ölkəmizin qlobal enerji təhlükəsizliyində rolunu daha da gücləndirəcək.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Azərbaycan–Türkiyə–Avropa enerji dəhlizində Zəngəzur ötürmə xətti tikilir — Fins.az — Fins.az