
Azərbaycanla Gürcüstan arasında ticarət dövriyyəsi 18,9% artıb
2026-cı ilin yanvar-fevral aylarında Azərbaycanla Gürcüstan arasında ticarət əməliyyatlarının həcmi 176,6 milyon ABŞ dolları təşkil edib ki, bu da 2025-ci ilin eyni dövrü ilə müqayisədə 18,9% artım deməkdir.
Fins.az Dövlət Gömrük Komitəsinin məlumatına əsasən xəbər verir ki, hesabat dövründə Gürcüstan Azərbaycanın ümumi ticarət dövriyyəsinin 2,82%-ni təşkil edib və ölkə Azərbaycan üçün 5-ci ən böyük ticarət tərəfdaşı olub.
Eyni dövrdə Azərbaycandan Gürcüstana ixrac 158,3 milyon ABŞ dolları olub ki, bu da illik müqayisədə 21,6% artım göstərir. Bu ixracın 77,2 milyon dolları qeyri-neft məhsullarına aiddir və beləliklə, Gürcüstan Azərbaycanın qeyri-neft məhsulları ixracında 3-cü yerdə qərarlaşıb. Qeyri-neft məhsullarının ixracı isə illik müqayisədə 45,8% artıb.
Gürcüstandan Azərbaycana isə 18,3 milyon dollar dəyərində məhsul idxal edilib ki, bu, əvvəlki ilə nisbətən cüzi 0,3% azalma deməkdir.
Qeyd edək ki, 2026-cı ilin yanvar-fevral aylarında Azərbaycan ümumilikdə 6,264 milyard ABŞ dolları dəyərində xarici ticarət əməliyyatı aparıb. Bu göstərici illik müqayisədə 29,6% azalma göstərib. Xarici ticarətdə 3,665 milyard dollar ixrac, 2,599 milyard dollar isə idxal payına düşüb və yekunda 1,066 milyard dollar müsbət saldo yaranıb, bu isə illik müqayisədə 1,7 dəfə çoxdur.