Azərbaycanla 25 illik müqavilə Bolqarıstanın qaz təminatının 40%-ni qarşılayır

Azərbaycanla 25 illik müqavilə Bolqarıstanın qaz təminatının 40%-ni qarşılayır

BİZNES
466

Qeyri-sabit bazar şəraitində Azərbaycan qazı Bolqarıstan və region üçün sabitləşdirici rol oynayır.

Fins.az xəbər verir ki, bu barədə Bolqarıstanın Energetika Nazirliyi məlumat yayıb.

Bildirilib ki, hazırda ölkədə təbii qaz istehlakının təxminən 40 faizi Azərbaycanla imzalanmış 25 illik müqavilə çərçivəsində təmin olunur. Nazirliyin açıqlamasına görə, sözügedən saziş tədarüklərin proqnozlaşdırıla bilən və etibarlı olmasını təmin etməklə yanaşı, Avropada ən rəqabətədavamlı qiymət şərtlərindən birini təqdim edir.

“Qeyri-sabit bazar şəraitində Azərbaycan qazı sabitləşdirici funksiya yerinə yetirir. Tədarüklər fasiləsiz davam edir, müqavilə parametrləri isə kəskin qiymət dəyişkənliyinin təsirini məhdudlaşdırır. Bu, biznes subyektləri və ev təsərrüfatları üçün əlavə təzyiqin azalması, iqtisadi dayanıqlılığın artması və sənayenin rəqabət qabiliyyətinin qorunması deməkdir”, – deyə məlumatda qeyd olunub.

Nazirlik xatırladıb ki, 2022-ci ilin oktyabrında Yunanıstan–Bolqarıstan interkonnektorunun istismara verilməsi ilə Bolqarıstan Xəzər regionunu Avropa bazarları ilə birləşdirən Cənub Qaz Dəhlizi infrastrukturunun mühüm halqasına çevrilib.

Qurumun açıqlamasında bildirilib ki, bağlantılılıq böhran dövrlərində çeviklik, alternativ mənbələrə çıxış və tranzit imkanlarından daha səmərəli istifadə imkanı yaradır. Bu isə Bolqarıstanın regionda qaz axınlarının idarə olunmasında fəal rolunu gücləndirir.

Məlumatda həmçinin Bolqarıstanın energetika naziri vəzifəsini icra edən Trayço Traykovun Bakıda keçirilən Cənub Qaz Dəhlizi üzrə Məşvərət Şurasının 12-ci və Yaşıl Enerji Məşvərət Şurasının 3-cü nazirlər iclasında səsləndirdiyi fikirlərə də yer verilib.

“Enerji bazarlarında davam edən sarsıntılar və geosiyasi qeyri-müəyyənlik fonunda Cənub Qaz Dəhlizi Bolqarıstan və Cənub-Şərqi Avropa üçün sabitliyin əsas təminatçısıdır”, – deyə o bildirib.

Traykov vurğulayıb ki, Azərbaycanla uzunmüddətli tərəfdaşlıq, eləcə də regional qaz infrastrukturunun inkişafı enerji təhlükəsizliyinin möhkəmləndirilməsi və mənbələrin şaxələndirilməsi baxımından strateji əhəmiyyət daşıyır.

“Belə böhranlı dövrlərdə strateji tərəfdaşlıqların real dəyəri aydın görünür. Azərbaycan enerji sabitliyimizin etibarlı dayağıdır”, – deyə o əlavə edib.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Azərbaycanla 25 illik müqavilə Bolqarıstanın qaz təminatının 40%-ni qarşılayır — Fins.az — Fins.az