
Azərbaycan–İtaliya ticarəti 11,8 milyard dolları ötüb
2025-ci ildə Azərbaycan ilə İtaliya arasında ticarət əməliyyatlarının ümumi həcmi 11,860 milyard ABŞ dolları təşkil edib.
Fins.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu göstərici 2024-cü illə müqayisədə 469,5 milyon ABŞ dolları və ya 4,1% artım deməkdir. Hesabat dövründə İtaliya ilə ticarət dövriyyəsi Azərbaycanın ümumi xarici ticarətinin 24%-ni təşkil edib və ölkə əsas ticarət tərəfdaşı olaraq ilk pillədə qərarlaşıb.
Məlumata görə, 2025-ci ildə Azərbaycandan İtaliyaya ixrac 11,3 milyard ABŞ dollarına çatıb ki, bu da illik müqayisədə 467,2 milyon ABŞ dolları və ya təxminən 4,3% artım deməkdir. Həmin dövrdə İtaliya Azərbaycanın ən böyük ixrac bazarı olub.
Eyni zamanda, hesabat ilində Azərbaycandan İtaliyaya 6,7 milyard ABŞ dolları dəyərində 13,1 milyon ton bitumlu süxurlardan alınmış xam neft və xam neft məhsulları ixrac edilib. Bu seqmentdə dəyər ifadəsində 26,7 milyon ABŞ dolları və ya 0,4% azalma qeydə alınsa da, həcm baxımından 2,2 milyon ton və ya 19,7% artım müşahidə olunub.
2025-ci ildə Azərbaycanın İtaliyadan idxalı 518,1 milyon ABŞ dolları təşkil edib ki, bu da illik müqayisədə 2,3 milyon ABŞ dolları və ya 0,4% artım deməkdir.
Cari ilin yanvar–mart aylarında isə Azərbaycan ilə İtaliya arasında ticarət dövriyyəsi 2,604 milyard ABŞ dolları olub. Bu göstərici 2025-ci ilin eyni dövrü ilə müqayisədə 407,5 milyon ABŞ dolları və ya 13,5% azdır. Hesabat dövründə İtaliyanın Azərbaycanın ümumi ticarət dövriyyəsində payı 27,69% təşkil edib və ölkə yenə də əsas tərəfdaş olaraq lider mövqedə qalıb.
Bu ilin ilk rübündə Azərbaycandan İtaliyaya ixrac 2,489 milyard ABŞ dolları olub ki, bu da illik müqayisədə 421,9 milyon ABŞ dolları və ya təxminən 14,5% azalma deməkdir. İxracın 29,9 milyon ABŞ dollarını qeyri-neft məhsulları təşkil edib və bu sahədə İtaliya Azərbaycanın ümumi qeyri-neft ixracında 3,47% payla 8-ci yerdə qərarlaşıb.
Hesabat dövründə Azərbaycandan İtaliyaya 1,614 milyard ABŞ dolları dəyərində 3,273 milyon ton xam neft və neft məhsulları ixrac edilib ki, bu da dəyər baxımından 88,4 milyon ABŞ dolları və ya 5,2% azalma, həcm baxımından isə 217,9 min ton və ya 7,1% artım deməkdir.
Eyni zamanda, cari ilin ilk rübündə Azərbaycanın İtaliyadan idxalı 115,6 milyon ABŞ dolları təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 14,4 milyon ABŞ dolları və ya 14,2% artım deməkdir.
İnvestisiya əlaqələrində də artım qeydə alınıb. Belə ki, Azərbaycan Mərkəzi Bankı məlumatına görə, 2025-ci ildə İtaliyanın Azərbaycana birbaşa investisiyaları 21,956 milyon ABŞ dolları təşkil edib və bu göstərici 2024-cü illə müqayisədə 15,1 milyon ABŞ dolları və ya 3,2 dəfə artıb. Bu investisiyaların ümumi birbaşa xarici investisiyalar içində payı 0,3% olub.
Azərbaycan isə 2025-ci ildə İtaliya iqtisadiyyatına 125,1 milyon ABŞ dolları sərmayə yatırıb ki, bu da əvvəlki illə müqayisədə 52,7 milyon ABŞ dolları və ya 1,7 dəfə çoxdur. Bu istiqamətdə pay 4,9% təşkil edib.
Dövlət Statistika Komitəsinin məlumatına əsasən, 2025-ci ildə Azərbaycandan İtaliyaya 4,565 milyard ABŞ dolları dəyərində 9,604 milyard kubmetr təbii qaz ixrac olunub. Bu göstərici dəyər baxımından 512,7 milyon ABŞ dolları və ya 12,6% artım, həcm baxımından isə 194,2 milyon kubmetr və ya 2% azalma deməkdir.
Bundan əlavə, 2026-cı ilin yanvar–fevral aylarında Azərbaycandan İtaliyaya 563,2 milyon ABŞ dolları dəyərində 1,494 milyard kubmetr təbii qaz ixrac edilib ki, bu da illik müqayisədə dəyər ifadəsində 269,6 milyon ABŞ dolları və ya 32,4%, həcm baxımından isə 128,3 milyon kubmetr və ya 7,9% azalma deməkdir.