
Azərbaycanın xarici ticarətində 1,398 milyard dollarlıq müsbət saldo yaranıb
2026-cı ilin yanvar–mart aylarında Azərbaycana məhsul idxalının həcmi 4,005 milyard ABŞ dolları təşkil edib.
Fins.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, idxalda dövlət sektoru 290,8 milyon dollar, özəl sektor 3,359 milyard dollar, fiziki şəxslər isə 354,6 milyon dollar paya malik olub.
Məlumata əsasən, 2025-ci ilin eyni dövrü ilə müqayisədə dövlət sektoru üzrə idxal əməliyyatları 7,6 dəfə, fiziki şəxslər üzrə isə 1,4 dəfə azalıb. Bunun əksinə olaraq, özəl sektor üzrə idxal əməliyyatlarında 13,7% artım qeydə alınıb.
Hesabat dövründə idxalda dövlət sektorunun payı 7,26%, özəl sektorun 83,88%, fiziki şəxslərin isə 8,86% təşkil edib.
Eyni zamanda, 2026-cı ilin yanvar–mart aylarında Azərbaycandan məhsul ixracının dəyəri 5,402 milyard ABŞ dolları olub. İxracda dövlət sektoru 2,339 milyard dollar, özəl sektor 3,044 milyard dollar, fiziki şəxslər isə 18,737 milyon dollar paya malik olub.
Əvvəlki ilin eyni dövrü ilə müqayisədə ixrac göstəriciləri müvafiq olaraq 21,5%, 10,1% və 13,5% azalıb. İxracda dövlət sektorunun payı 43,10%, özəl sektorun 56,35%, fiziki şəxslərin isə 0,35% təşkil edib.
Məlumata görə, bu ilin ilk rübündə Azərbaycanın xarici ticarət dövriyyəsi 9,407 milyard ABŞ dolları olub və bu göstərici illik müqayisədə 21,9% azalma nümayiş etdirib.
Xarici ticarət dövriyyəsinin 5,402 milyard dolları ixracın, 4,005 milyard dolları isə idxalın payına düşüb. Son bir ildə ixrac 15,4%, idxal isə 29,3% azalıb.
Nəticədə xarici ticarətdə 1,398 milyard dollarlıq müsbət saldo formalaşıb ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 1,9 dəfə artım deməkdir.