
Azərbaycanın təbii qaz ixracında həcm artıb, gəlirlər azalıb
2026-cı ilin yanvar-mart aylarında Azərbaycan xarici ölkələrə 1,883 milyard ABŞ dolları dəyərində 6,257 milyard kubmetr təbii qaz (qaz halında) ixrac edib.
Fins.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, göstəricilər ötən ilin eyni dövrü ilə müqayisədə fərqli dinamika nümayiş etdirib.
Məlumata görə, qaz ixracının dəyəri 322,4 milyon ABŞ dolları və ya 14,6 faiz azalsa da, həcm ifadəsində 357,9 milyon kubmetr və ya 6,1 faiz artım qeydə alınıb.
Ümumilikdə, 2026-cı ilin yanvar-mart aylarında Azərbaycanın xarici ölkələrlə ticarət dövriyyəsi 9,407 milyard ABŞ dolları təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 2,642 milyard dollar və ya 21,9 faiz azalma deməkdir.
Hesabat dövründə xarici ticarət dövriyyəsinin 5,402 milyard ABŞ dolları ixracın, 4,005 milyard ABŞ dolları isə idxalın payına düşüb. Son bir il ərzində ixrac 984 milyon dollar və ya 15,4 faiz, idxal isə 1,658 milyard dollar və ya 29,3 faiz azalıb.
Nəticədə, xarici ticarətdə 1,398 milyard dollarlıq müsbət saldo formalaşıb və bu göstərici illik müqayisədə 675 milyon dollar və ya 1,9 dəfə artım deməkdir.