
Azərbaycanın strateji valyuta ehtiyatları 91 milyard dolları keçib
Baş nazir Əli Əsədov 2025-ci ildə Azərbaycanın makroiqtisadi göstəricilərini Milli Məclisdə təqdim edərkən strateji valyuta ehtiyatlarının ilin əvvəlindən təqribən 14,1 milyard dollar artaraq 85 milyard dolları keçdiyini açıqlayıb. Hesabat dövrünün sonunda isə ehtiyatlar təxminən 91 milyard dollar səviyyəsinə çatıb.
Ə.Əsədov bildirib ki, bu göstərici ÜDM-dən 12% çoxdur və adambaşına düşən ehtiyatlar üzrə dünyada ən yüksək səviyyələrdən biridir. Eyni zamanda, strateji valyuta ehtiyatları xarici dövlət borcunu (4,8 milyard dollar) 18 dəfəyədək üstələyir.
Baş nazir 2025-ci ilin inflyasiya göstəricilərinə də toxunaraq bildirib ki, illik inflyasiya 5,2%, orta illik inflyasiya isə 5,6% təşkil edib. Makroiqtisadi idarəetmənin keyfiyyəti maliyyə intizamı və fiskal dayanıqlılıq göstəricilərində də özünü göstərir.
Hesabatda qeyd olunub ki, 2025-ci ildə dövlət büdcəsinin gəlirləri təqribən 39,2 milyard manat, xərcləri isə 38,6 milyard manat icra olunub ki, bu da müsbət balansın qorunmasını təmin edir.