
Azərbaycanın qeyri-neft-qaz ixracı 13% artıb
2026-cı ilin yanvar-aprel aylarında Azərbaycanın qeyri-neft sektoru üzrə ixracı ötən ilin müvafiq dövrü ilə müqayisədə 13% artaraq 1,1 milyard ABŞ dollarına çatıb. Göstərici qeyri-monetar qızıl istisna edilməklə hesablanıb.
Fins.az xəbər verir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) “İxrac icmalı”nın 2026-cı ilin may sayına dair ilkin göstəricilərində məlumat verilib.
İcmala əsasən, hesabat dövründə bir sıra məhsullar üzrə ixracda əhəmiyyətli artım qeydə alınıb. Belə ki, şəkər ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 4 dəfə, pambıq iplik 2,3 dəfə, bitki və heyvan mənşəli piylər və yağlar 71%, pambıq lifi 49,9%, meyvə-tərəvəz 22,1%, alüminium və ondan hazırlanan məmulatlar 32,2%, çay 12,1%, spirtli və spirtsiz içkilər isə 9,4% artıb.
2026-cı ilin ilk dörd ayında aqrar məhsullar üzrə ixrac 28,3% artaraq 298,3 milyon ABŞ dolları təşkil edib. Aqrar-sənaye məhsullarının ixracı isə 31,6% artımla 119 milyon ABŞ dollarına yüksəlib.
Ümumilikdə, aqrar və aqrar-sənaye məhsullarının birgə ixracı 29,1% artaraq 417,3 milyon ABŞ dolları səviyyəsinə çatıb.