
Azərbaycanın qeyri-neft ixracı kəskin artıb – Vüqar Bayramov
Fins.az - Bu ilin ilk 4 ayında Azərbaycanın ümumi ixracı 12 milyard 535 milyon dollar təşkil edib. Bunun 4 milyard 698 milyon dolları qeyri-neft və qaz məhsullarının payına düşüb. Rəqəmlər qeyri-neft ixracında ciddi artım dinamikasını göstərir.
Milli Məclisin deputatı Vüqar Bayramovun açıqlamasına görə, qeyri-neft ixracında 4.4 dəfə artım əsasən qızıl ixracı ilə bağlıdır. O qeyd edib ki, işlənməmiş, yarıişlənmiş və toz halında qızıl ixracı əvvəlki ilin eyni dövrü ilə müqayisədə kəskin yüksəlib və 3 milyard 599 milyon dollar həcmində gəlir gətirib.
Məlumata əsasən, şəkər ixracı 4.2 dəfə artaraq 37.5 milyon dollara, pambıq ipliyi ixracı 2.6 dəfə artaraq 16.4 milyon dollara çatıb. Kartof ixracı da 2.1 dəfə artaraq təxminən 4 milyon dollar təşkil edib.
Qeyri-neft ixracında qızıldan sonra ən çox gəlir gətirən məhsul təzə meyvələr olub – 165.1 milyon dollar. Pambıq lifi isə 92.7 milyon dollarla ikinci sırada qərarlaşıb.
V. Bayramov qeyd edib ki, qeyri-neft ixracındakı bu artım iqtisadiyyatın şaxələndirilməsi baxımından müsbət tendensiyadır və bu istiqamətdə təşviqedici tədbirlərin davam etdirilməsi vacibdir.