
Azərbaycanın nar istehsalı və ixracı: ənənədən qlobal bazara uzanan yol
Azərbaycan qədim narçılıq ənənələrinə malik ölkə kimi dünyada tanınır. Münbit torpaq, əlverişli iqlim və zəngin aqrar təcrübə nəticəsində ölkəmizdə yüksək keyfiyyətli nar sortları yetişdirilir.
Azərbaycanda nar istehsalının coğrafiyası
Nar istehsalı əsasən Aran və Quba-Xaçmaz iqtisadi rayonlarında cəmləşib. Göyçayla yanaşı, Sabirabad, Kürdəmir, Şamaxı və digər bölgələrdə də geniş nar bağları mövcuddur. İqlim şəraiti – isti yay, mülayim qış və suvarma imkanları məhsuldarlığın artmasına şərait yaradır. Azərbaycanda nar bağlarının sahəsi 23,3 min hektar olub. Mövcud nar bağlarının 21,7 min hektarı və ya 93,1%-i barverən yaşdadır. Cəmi nar bağlarının 79,8%-i ənənəvi, 20,2%-i isə intensiv bağlar təşkil etmişdir. İntensiv bağların sahəsi əvvəlki illə müqayisədə 3,2% bəndi artıb. Azərbaycanda “Gülövşə”, “Vələs”, “Şirin nar”, “Bala Mürsəl” kimi müxtəlif nar sortları yetişdirilir. Bu sortlar həm daxili bazarda, həm də ixracda yüksək tələbat görür. 2024-cü ildə narın məhsuldarlığı 2019-cu ilə nisbətən 3,5%, 2023-cü ilə nisbətən isə 0,7% artaraq 88,6 sent/ha olub.
Nar ixracı: əsas bazarlar və perspektivlər
Azərbaycan narı əsasən təzə meyvə və nar şirəsi formasında ixrac edilir. İxrac istiqamətləri arasında uzun illər ərzində 86,7%-i Rusiyanın, 5,0%-i Ukraynanın, 5,0%-i Gürcüstanın, 2,1%-i Qazaxıstanın payına düşüb.Son illərdə ekoloji təmiz və orqanik məhsullara artan maraq Azərbaycan narının rəqabət qabiliyyətini artırıb.
Nar ixracı ölkənin qeyri-neft sektorunun inkişafında mühüm rol oynayır. Aqrar ixracın artması regionlarda məşğulluğu artırır, fermer təsərrüfatlarının gəlirlərini yüksəldir və kənd təsərrüfatının modernləşməsinə stimul verir.
Bəs statistik göstəricilər nə deyir?
2025-ci ildə Azərbaycan 35 min 986 ton nar ixrac edib ki, bu həcmdə narın ixrac dəyəri 35 milyon 335 min ABŞ dolları təşkil edib. Bu da həcm baxımından 2024-cü ilin eyni dövrü ilə müqayisədə 6 %, dəyər baxımından isə 18,6% çoxdur
Bu ilin yanvar ayında Azərbaycan 1 407 ton nar ixrac edib. Bu həcmdə narın ixrac dəyəri 1 milyon 259 min ABŞ dollar təşkil edib. Bu da 2025-ci ilin eyni dövrü ilə müqayisədə 38,2%, dəyər baxımından isə 37,5% azdır.
Nar məhsullarının emalı və əlavə dəyər
Təkcə təzə nar deyil, nar şirəsi, nar sousu (narşərab), qurudulmuş nar dənələri və konsentrat məhsullar da ixrac potensialına malikdir. Emal sənayesinin inkişafı əlavə dəyər yaradır və ixrac gəlirlərini artırır.
Müasir qablaşdırma, beynəlxalq sertifikatlar (ISO, HACCP və s.) və logistika imkanlarının genişlənməsi Azərbaycan narının Avropa və digər premium bazarlara çıxışını asanlaşdırır.
Azərbaycanın nar brendi və beynəlxalq imici
Nar Azərbaycan mədəniyyətində bolluq və bərəkət rəmzidir. Bu simvolizm məhsulun marketinqində də effektiv istifadə olunur. “Made in Azerbaijan” brendi çərçivəsində nar və nar məhsullarının tanıdılması ixracın genişlənməsinə müsbət təsir göstərir.
Dövlət tərəfindən subsidiyalar, ixrac təşviqləri və aqrar sahəyə investisiyalar narçılığın inkişafını sürətləndirir. Gələcək perspektivdə yeni bazarlara çıxış, orqanik sertifikatlaşma və rəqəmsal ixrac platformaları Azərbaycan narının dünya bazarında mövqeyini daha da gücləndirə bilər.
Aynur Bayramova
Fins.az