
Azərbaycan–Gürcüstan ticarət dövriyyəsi artıb
2026-cı ilin yanvar–mart aylarında Azərbaycanla Gürcüstan arasında ticarət əməliyyatlarının həcmi 264,7 milyon ABŞ dolları təşkil edib.
Fins.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu göstərici 2025-ci ilin eyni dövrü ilə müqayisədə 59,3 milyon ABŞ dolları və ya 28,9% artım deməkdir.
Məlumata əsasən, hesabat dövründə Gürcüstan Azərbaycanın ümumi ticarət dövriyyəsinin 2,81%-ni təşkil edib və ölkənin əsas ticarət tərəfdaşları sırasında 7-ci yerdə qərarlaşıb.
Bu ilin ilk üç ayında Azərbaycandan Gürcüstana 235 milyon ABŞ dolları dəyərində məhsul ixrac edilib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 54,3 milyon ABŞ dolları və ya təxminən 30% artım deməkdir.
İxracın 120,7 milyon dolları qeyri-neft məhsullarının payına düşüb. Gürcüstan Azərbaycanın qeyri-neft ixracında 14% payla 3-cü əsas bazar kimi yer alıb. Qeyri-neft məhsullarının Gürcüstana ixracı illik müqayisədə 40,1 milyon ABŞ dolları və ya 49,7% artıb.
Hesabat dövründə Gürcüstandan Azərbaycana 29,7 milyon ABŞ dolları dəyərində idxal əməliyyatları həyata keçirilib ki, bu da 20,7% artım deməkdir.
Ümumilikdə, 2026-cı ilin yanvar–mart aylarında Azərbaycanın xarici ticarət dövriyyəsi 9,407 milyard ABŞ dolları təşkil edib. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 21,9% azalma nümayiş etdirib.
Xarici ticarət dövriyyəsinin 5,402 milyard dolları ixracın, 4,005 milyard dolları isə idxalın payına düşüb. Nəticədə 1,398 milyard dollarlıq müsbət ticarət saldosu formalaşıb.