Azərbaycanda yeni mühəndis nəslinin yetişdirilməsi strateji prioritetdir - bp

Azərbaycanda yeni mühəndis nəslinin yetişdirilməsi strateji prioritetdir - bp

BİZNES
119

Fins.az - Azərbaycanda texnoloji inkişaf və insan kapitalının gücləndirilməsi istiqamətində yeni yanaşmalar formalaşır. bp şirkətinin transformasiya və texnologiyalar üzrə meneceri Marianna Kərimova bildirib ki, ölkədə yüksək texniki potensial mövcuddur və əsas vəzifələrdən biri müasir texnologiyalardan istifadə etməklə yanaşı, onları yarada və inkişaf etdirə bilən mühəndis nəslinin formalaşdırılmasıdır.

Bakıda Azərbaycan-Amerika Ticarət Palatasının (AmCham Azerbaijan) təşkil etdiyi “TECHNOVATION: Davamlı İqtisadi Transformasiya üçün Elm və İnnovasiya” konfransında çıxış edən M.Kərimova bp-nin transformasiya prosesinə ciddi yanaşdığını bildirib.

Onun sözlərinə görə, şirkətin Səngəçal terminalı dünyada ən böyük neft və qaz emalı terminallarından biridir və bp üçün mühüm strateji əhəmiyyət daşıyır.

O qeyd edib ki, bp-də transformasiya yalnız iş proseslərinin deyil, planlaşdırma və icra mexanizmlərinin də dəyişdirilməsini əhatə edir. Şirkət seysmik vizuallaşdırma texnologiyaları, intellektual quyu sistemləri və real vaxt rejimində qazma idarəetmə həllərindən istifadə edir.

Bu texnologiyalar yataqların daha səmərəli işlənməsinə və daha az quyu ilə daha yüksək nəticələr əldə olunmasına imkan yaradır.

bp nümayəndəsi həmçinin şirkətin dron texnologiyalarından istifadə etdiyini bildirib. Onun sözlərinə görə, dronlar qapalı məkanlarda yoxlamaları əvvəlki həftələrlə müqayisədə cəmi 45 dəqiqə ərzində həyata keçirir. Eyni zamanda robot texnologiyalar və dəniz platformalarının “rəqəmsal əkiz” modelləri tətbiq olunur.

Bu sistemlər mühəndislərə avadanlıqları uzaqdan idarə etməyə və dəyişiklikləri real vaxt rejimində icra etməyə imkan verir.

M.Kərimova bildirib ki, bu texnologiyalar millimetr səviyyəsində dəqiqlik təmin edir və qərarların keyfiyyətini artırır.

O, vurğulayıb ki, transformasiya yalnız texnologiya ilə məhdudlaşmır, həm də insan kapitalının inkişafını əhatə edir. bp Azərbaycanın etibarlı tərəfdaşlarından biri kimi ölkənin iqtisadi inkişafının növbəti mərhələsinə töhfə verməyə davam edir.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Azərbaycanda yeni mühəndis nəslinin yetişdirilməsi strateji prioritetdir - bp — Fins.az — Fins.az