
Azərbaycanda xam neft hasilatı artıb - OPEC
2026-cı ilin aprel ayında Azərbaycanda xam neft hasilatı orta hesabla günə təxminən 460 min barel səviyyəsində olub.
Fins.az xəbər verir ki, bu barədə OPEC-in hesabatına istinadən məlumat yayıb.
Məlumata əsasən, mart ayında ölkədə xam neft hasilatı günə 456 min barel təşkil edib və aprel ayında cüzi artım qeydə alınıb.
2026-cı ilin birinci rübündə isə Azərbaycanda orta gündəlik xam neft hasilatı 454 min barel səviyyəsində olub.
Bununla yanaşı, OPEC-in hesabatında qeyd edilir ki, 2025-ci ildə ölkədə orta illik neft hasilatı günə 461 min barel təşkil edib, 2024-cü ildə isə bu göstərici 481 min barel olub.
Azərbaycan Respublikasının Energetika Nazirliyi məlumatına əsasən, ölkədə ümumilikdə 6,6 milyon ton neft (kondensatla birlikdə) hasil edilib.
Hasilatın 3,9 milyon tonu “Azəri-Çıraq-Günəşli”, 0,9 milyon tonu “Şahdəniz”, 0,1 milyon tonu isə “Abşeron” yatağının payına düşüb, SOCAR üzrə hasilat isə 1,7 milyon ton təşkil edib.
Hesabat dövründə 5,2 milyon ton neft (kondensatla birlikdə) ixrac olunub ki, bunun 4,8 milyon tonu konsorsiumların, 0,3 milyon tonu SOCAR-ın, 0,1 milyon tonu isə JOCAP-ın payına düşüb.
Cari ilin 1-ci rübündə isə xam neft hasilatı gündəlik 61 min ton (450 min barel), kondensat hasilatı 13 min ton (105 min barel) olub və ümumi neft hasilatı orta hesabla 74 min ton (555 min barel) təşkil edib.