Azərbaycanda tullantıların emalı üçün vergi güzəştləri tətbiq olunur - Sabit Zeyniyev

Azərbaycanda tullantıların emalı üçün vergi güzəştləri tətbiq olunur - Sabit Zeyniyev 

BİZNES
244

Azərbaycanda təkrar emal olunan tullantılar hər il gücü 100 min ton olan müəssisədə çeşidlənərək emala yönləndirilir.

Fins.az xəbər verir ki, bu barədə “Təmiz Şəhər” ASC-nin idarə heyəti sədrinin müavini Sabit Zeyniyev Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində təşkil olunan “Plastik çirklənmə ilə mübarizə: yaşayış üçün əlverişli şəhərlərin və dairəvi iqtisadiyyatın təşviqi” mövzusunda panel sessiyada çıxışı zamanı məlumat verib.

Onun sözlərinə görə, Balaxanıda illik gücü 100 min ton olan materialların bərpası zavodu fəaliyyət göstərir və burada təkrar emala yararlı tullantılar çeşidlənərək emal sektorunda çalışan şirkətlərə göndərilir.

Sabit Zeyniyev bildirib ki, müəssisə hazırda tam gücü ilə işləyir, eyni zamanda onun səmərəliliyinin artırılması və qəbul edilən tullantı həcminin genişləndirilməsi istiqamətində tədbirlər davam etdirilir.

O qeyd edib ki, tullantıların emalı sahəsinin inkişafını stimullaşdırmaq məqsədilə Balaxanı Sənaye Parkının rezidentləri üçün müxtəlif vergi güzəştləri tətbiq olunub. Onun sözlərinə görə, park iştirakçıları 10 il müddətinə əmlak vergisi, torpaq vergisi, mənfəət vergisi və gömrük rəsmiləşdirilməsi xərclərindən azad ediliblər.

“Təmiz Şəhər” rəsmisi vurğulayıb ki, tullantıların idarə olunması zəncirinin bütün mərhələlərini əhatə edən sənaye parkının yaradılması bu sahədə dairəvi iqtisadiyyat modelinin inkişafına dəstək verir.

Sabit Zeyniyev əlavə edib ki, məişət təsərrüfatlarında yaranan tullantılar park iştirakçıları tərəfindən toplanaraq emal müəssisələrinə çatdırılır. Tullantıların bir hissəsi elektrik enerjisi istehsalı üçün yandırma zavoduna yönləndirilir, digər hissəsi isə materialların bərpası müəssisəsində çeşidlənərək təkrar emala yararlı formada Balaxanı Sənaye Parkının rezidentlərinə təqdim olunur.

Qeyd edək ki, Bakıda keçirilən WUF13-ün dördüncü günü urbanizasiya, iqlim dəyişiklikləri, inklüziv şəhər inkişafı, mənzil siyasəti və dayanıqlı idarəetmə mövzularına həsr olunmuş tədbirlərlə davam edir.

Forum çərçivəsində “Qeyri-rəsmi yaşayış məntəqələrinin transformasiyası”, “İqlim və mənzil əlaqəsi”, “Tullantıların idarə olunmasının dairəvi iqtisadiyyata uyğun inkişafı”, “Təmiz hava” və digər mövzularda panel müzakirələri keçirilir.

WUF13 iştirakçıları urbanizasiya proseslərinin yaşıl iqtisadiyyat və iqlim dayanıqlılığı prinsipləri əsasında inkişaf etdirilməsinin vacibliyini vurğulayırlar. Sessiyalarda təmiz enerji, dayanıqlı nəqliyyat, innovativ texnologiyalar və ekoloji həllər geniş müzakirə olunur.

182 ölkədən 40 mindən çox iştirakçının qatıldığı WUF13 mayın 22-dək davam edir və “Hamı üçün mənzil: təhlükəsiz və dayanıqlı şəhərlər və yaşayış məntəqələri” mövzusu üzrə beynəlxalq əməkdaşlığın gücləndirilməsini hədəfləyir.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Azərbaycanda tullantıların emalı üçün vergi güzəştləri tətbiq olunur - Sabit Zeyniyev — Fins.az — Fins.az