
Azərbaycanda su ehtiyatlarının idarə olunmasında rəqəmsallaşma və süni intellekt tətbiqləri genişlənir
Hazırda Azərbaycanda əkin sahələrinin təxminən 11 faizində müasir suvarma texnologiyaları tətbiq olunur.
Fins.az xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədr müavini İlham Bayramov Bakıda keçirilən 19-cu Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı Sərgi və Forumunun üçüncü günündə bildirib.
Onun sözlərinə görə, su ehtiyatlarının səmərəli idarə olunması və müasir texnologiyaların tətbiqi əsas prioritetlərdəndir. Bu məqsədlə elektron su təsərrüfatı informasiya sistemi yaradılır.
İlham Bayramov qeyd edib ki, sistem vasitəsilə ölkənin su resursları, su anbarları, yeraltı və yerüstü mənbələr, həmçinin infrastruktur obyektləri vahid platformada birləşdiriləcək.
Hazırda çaylarda 14 hidropost vasitəsilə su səviyyəsi onlayn rejimdə izlənilir və bu məlumatlar əsasında proqnozlaşdırma aparılır.
O bildirib ki, süni intellekt texnologiyaları artıq sel, subasma risklərinin idarə olunması, qar həcminin ölçülməsi və çağrı mərkəzlərində tətbiq edilir.
Agentlik rəsmisi əlavə edib ki, elektron su təsərrüfatı sistemi ilə elektron kənd təsərrüfatı sisteminin inteqrasiyası da həyata keçirilir və bu, fermerlərin su tələbatının daha dəqiq və operativ idarə olunmasına imkan yaradacaq.