
Azərbaycanda sahibkarlıq subyektlərinin sayı 10 ildə 2,5 dəfə artıb - Məmməd Musayev
Azərbaycanda sahibkarlıq subyektlərinin sayı son 10 ildə əhəmiyyətli dərəcədə artaraq 2025-ci ilin sonuna 1 milyon 680 mini ötüb.
Fins.az xəbər verir ki, bu barədə Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının (ASK) prezidenti Məmməd Musayev Bakıda keçirilən “Sahibkarlığın inkişafı güclü iqtisadiyyatdır” mövzusunda tədbirdə çıxışı zamanı məlumat verib.
Onun sözlərinə görə, 2015-ci ilin əvvəlində ölkədə 677 min sahibkarlıq subyekti mövcud idi və bu göstərici 10 il ərzində təxminən 2,5 dəfə artıb. Bu dövrdə sahibkarlıq mühiti formalaşma mərhələsindən çıxaraq daha geniş, rəqəmsallaşmış və inklüziv iqtisadi modelə keçid edib.
Məmməd Musayev qeyd edib ki, ötən illər ərzində hüquqi şəxslərin sayı 126% artıb və rəqəmsallaşma biznes mühitinin əsas komponentinə çevrilib. Elektron qeydiyyat və onlayn xidmətlərin genişlənməsi sahibkarların vaxt və resurs baxımından xərclərini əhəmiyyətli şəkildə azaldıb.
Bildirilib ki, hazırda qeyri-neft-qaz sektoru üzrə dövlət büdcəsinə ödənilən vergilərin 76%-i özəl sektorun payına düşür. Bu göstərici sahibkarlığın ölkə iqtisadiyyatında aparıcı rolunu və iqtisadi şaxələndirmədə əsas güc olduğunu təsdiqləyir.