
Azərbaycanda qida və qeyri-qida məhsullarının qiymətləri artıb
2026-cı ilin fevral ayında qida məhsulları, içkilər və tütün məmulatları üzrə qiymətlər yanvar ayına nisbətən 1,1% yüksəlib. Yanvar-fevral dövründə isə bu məhsulların illik qiymət artımı 7,0 faiz təşkil edib.
Fins.az xəbər verir ki, bu barədə məlumat Dövlət Statistika Komitəsinin açıqladığı yanvar-fevral makroiqtisadi göstəricilərində yer alıb.
Hesabata əsasən, 2026-cı ilin fevral ayında qeyri-qida məhsulları üzrə istehlak qiymətləri yanvar ayı ilə müqayisədə 0,3 faiz artıb. Yanvar-fevral aylarında isə əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə qeyri-qida məhsullarının qiymətləri 3,6 faiz yüksəlib.
Qeyd olunub ki, bu göstəricilər ölkədə inflyasiya səviyyəsinin, istehlak bazarının və qiymət dəyişikliklərinin izlənməsi üçün əsas statistik məlumatları təmin edir.