
Azərbaycanda qaz hasilatı və ixrac göstəriciləri açıqlanıb - OPEK
OPEK-in qiymətləndirməsinə əsasən, 2025-ci ildə Azərbaycanın sübut olunmuş təbii qaz ehtiyatları 2,6 trilyon kubmetr səviyyəsində qalaraq 2021-ci ildən dəyişməz olaraq saxlanılıb.
Fins.az təşkilatın son rəqəmlərinə istinadən xəbər verir ki, ölkədə əmtəəlik təbii qaz hasilatı 2025-ci ildə təxminən 38,7 milyard kubmetr təşkil edib və bu göstərici 2024-cü ilin 38,66 milyard kubmetri ilə müqayisədə demək olar ki, sabit qalıb. Müqayisə üçün 2021-ci ildə hasilat 32,6 milyard kubmetr, 2022-ci ildə 35,24 milyard kubmetr, 2023-cü ildə isə 36,4 milyard kubmetr olub.
Hesabat dövründə təbii qaz ixracı 25,2 milyard kubmetr səviyyəsində qeydə alınıb ki, bu da 2024-cü ildəki 25,3 milyard kubmetrlə müqayisədə cüzi azalma deməkdir. Bununla belə, göstərici 2021-ci ildəki 18,8 milyard kubmetr, 2022-ci ildəki 22,3 milyard kubmetr və 2023-cü ildəki 23,9 milyard kubmetr ilə müqayisədə yüksək səviyyədə qalmaqdadır.
Eyni zamanda, 2025-ci ildə Azərbaycanda təbii qaza daxili tələbat 13,2 milyard kubmetr təşkil edib və bu göstərici 2024-cü ildəki 13,7 milyard kubmetrlə müqayisədə azalıb. 2021–2023-cü illər üzrə göstəricilər isə müvafiq olaraq 13 milyard, 13,5 milyard və 13,4 milyard kubmetr təşkil edərək daxili istehlakın sabit dinamikasını göstərib.