Azərbaycanda qadınların ən yüksək maaş aldığı sahə açıqlanıb - Vüqar Bayramov

Azərbaycanda qadınların ən yüksək maaş aldığı sahə açıqlanıb - Vüqar Bayramov

BİZNES
426

Azərbaycanda qadınların məşğulluğu və onların iqtisadi-sosial inkişafda rolunun artırılması prioritet istiqamətlərdən biri hesab olunur.

Fins.az xəbər verir ki, bu barədə Milli Məclisin Əmək və sosial siyasət komitəsinin üzvü, deputat Vüqar Bayramov sosial şəbəkə hesabında paylaşım edib.

Onun sözlərinə görə, hazırda ölkədə məşğul əhalinin 2 milyon 414 mini qadınlardır. Məşğul kişilərin sayı isə 2 milyon 615 min nəfər təşkil edir. İşçi qüvvəsində qadınların sayı 2 milyon 571 min nəfərdir.

Deputat qeyd edib ki, Azərbaycanda qadınların ən çox çalışdığı sektor təhsildir. Hazırda əmək müqaviləsi ilə çalışan qadınların sayı 722 147 nəfərdir və onların 242 801 nəfəri təhsil sektorunda fəaliyyət göstərir. Bu isə ümumi muzdlu qadın işçilərin 33,6 faizini təşkil edir. Başqa sözlə, əmək müqaviləsi ilə çalışan hər üç qadından biri təhsil sahəsində işləyir.

Əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi qadınların daha çox üstünlük verdiyi ikinci sahədir. Bu sektorda 116 976 qadın çalışır və ümumi pay 16,2 faiz təşkil edir. İlk üçlüyü isə ticarət və nəqliyyat vasitələrinin təmiri sektoru tamamlayır. Bu sahədə 95 566 qadının əmək müqaviləsi qeydiyyata alınıb.

V.Bayramovun sözlərinə görə, qadınların orta aylıq əməkhaqqısı üzrə ən yüksək göstərici mədənçıxarma sənayesində qeydə alınıb və burada qadın işçilərin orta maaşı 2 915 manatdır. Maliyyə və sığorta fəaliyyətində çalışan qadınların orta aylıq əməkhaqqısı 1 813 manat, informasiya və rabitə sektorunda isə 1 353 manat təşkil edir.

Məşğulluqda böyük paya malik olan təhsil sektorunda qadınların orta aylıq maaşı 731 manatdır. Ümumilikdə isə qadınların orta aylıq əməkhaqqısı kişilərin orta maaşının 68,9 faizi səviyyəsindədir. Qlobal miqyasda bu nisbət 77–80 faiz civarında qiymətləndirilir.

Fuad Mədətov
Fins.az

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Azərbaycanda qadınların ən yüksək maaş aldığı sahə açıqlanıb - Vüqar Bayramov — Fins.az — Fins.az