
Azərbaycanda nəqliyyat sektorunun gəlirləri 4,7 milyard manata çatıb
Azərbaycanda nəqliyyat və anbar təsərrüfatı sektoru üzrə 2026-cı ilin ilk 4 ayında artım tempi yüksəlib.
Fins.az xəbər verir ki, bu barədə Azərbaycanın Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi məlumat yayıb.
Məlumata görə, hesabat dövründə sektorda yaradılan əlavə dəyərin həcmi 2 milyard 893 milyon 200 min manat təşkil edib. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə real ifadədə 4,5 faiz və ya 240 milyon 900 min manat çoxdur.
Məlumata görə, nəticədə nəqliyyat və anbar təsərrüfatı sektorunun ümumi daxili məhsuldakı (ÜDM) payı əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 0,5 faiz bəndi artaraq 7,3 faizə çatıb. Qeyri-neft və qeyri-qaz ÜDM-də sektorun payı isə 10,4 faiz olub.
Bununla yanaşı, 2026-cı ilin yanvar-aprel aylarında sektorun gəlirləri də artım nümayiş etdirib. Belə ki, nəqliyyat və anbar təsərrüfatı üzrə gəlirlər real ifadədə 4,6 faiz yüksələrək 4 milyard 748 milyon 600 min manat təşkil edib.
Nazirlik qeyd edib ki, müşahidə olunan müsbət dinamika ölkədə yol-nəqliyyat infrastrukturunun modernləşdirilməsi, şəhər mobilliyinin inkişafı və sektora yönəldilən investisiyaların nəticəsi kimi qiymətləndirilir.
Eyni zamanda vurğulanıb ki, həyata keçirilən layihələr Azərbaycanın regionda rəqabətədavamlı logistika mərkəzi kimi mövqeyini daha da gücləndirir və ölkənin tranzit potensialının genişləndirilməsinə töhfə verir.