
Azərbaycanda iqtisadi artım və inflyasiya üzrə yeni proqnozlar açıqlanıb
İqtisadiyyat Nazirliyi tərəfindən təqdim olunan makroiqtisadi proqnozlara əsasən, 2026-cı ildə neft və qaz hasilatında azalma gözlənilir.
Fins.az-ın Maliyyə Nazirliyinə istinadən məlumatına görə, 2029–2030-cu illərdə neft və əmtəəlik qaz hasilatında yenidən artımın qeydə alınacağı və bunun neft-qaz sektoruna müsbət dinamika verəcəyi proqnozlaşdırılır.
Məlumata əsasən, 2027-ci ildə əsas kapitala yönəldilən investisiyalarda 5,6 faiz artım, orta müddətli dövrdə isə orta illik 2,1 faiz artım gözlənilir. Eyni zamanda, 2026–2028-ci illər ərzində neft-qaz sektoruna kapital qoyuluşlarının da artacağı bildirilir.
Qeyd edilir ki, baza ssenariyə əsasən, cari il üçün 5,5 faiz səviyyəsində proqnozlaşdırılan orta illik inflyasiya tədricən azalaraq 2030-cu ildə 4,6 faizə enəcək.
Proqnozlarda həmçinin əhalinin gəlir və xərclərinin artması da əks olunub. Belə ki, 2030-cu ildə əhalinin gəlirlərinin 135,4 milyard manata, xərclərinin isə 133,6 milyard manata çatacağı gözlənilir.
Bundan əlavə, 2027–2030-cu illər üzrə manatın ABŞ dollarına qarşı məzənnəsinin sabit qalacağı və cari səviyyədə formalaşacağı qeyd olunub.