
Azərbaycanda hidroenerji gücü son 10 ildə 30%-dən çox artıb
Son onillikdə Azərbaycanda hidroenerji sektoru sabit inkişaf xətti üzrə irəliləyib.
Fins.az Beynəlxalq Bərpa Olunan Enerji Agentliyinin (IRENA) məlumatına əsasən xəbər verir ki, 2016–2025-ci illər ərzində ölkədə su elektrik stansiyalarının quraşdırılmış gücü 1 105 MVt-dan 1 444 MVt-a yüksəlib ki, bu da ümumilikdə 30,6% artım deməkdir.
İlkin mərhələdə artım daha zəif tempdə olsa da, son illərdə dinamika sürətlənib. Xüsusilə 2023 və 2024-cü illərdə sektorda nəzərəçarpacaq genişlənmə qeydə alınıb – 2023-cü ildə güc 137 MVt (+11,8%), 2024-cü ildə isə 105 MVt (+8%) artıb.
Hidroenerji üzrə illik dinamika belə olub:
İl | Hidroenerji gücü (MVt) | İllik artım (%) |
|---|---|---|
2016 | 1 105 | – |
2017 | 1 106 | 0,1 |
2018 | 1 131 | 2,3 |
2019 | 1 145 | 1,2 |
2020 | 1 149 | 0,3 |
2021 | 1 157 | 0,7 |
2022 | 1 165 | 0,7 |
2023 | 1 302 | 11,8 |
2024 | 1 407 | 8 |
2025 | 1 444 | 2,6 |
Bununla yanaşı, hidroenerjinin ümumi bərpa olunan enerji mənbələri (BƏM) içində payında azalma müşahidə olunur. Belə ki, 2025-ci ildə bu göstərici təxminən 79% təşkil edib, halbuki 2016-cı ildə 93% səviyyəsində idi.
Bu tendensiya ölkədə günəş və külək enerjisi kimi alternativ mənbələrin daha sürətlə inkişaf etdiyini göstərir və enerji balansında diversifikasiyanın gücləndiyini təsdiqləyir.