
Azərbaycanda dövlət satınalmalarının ümumi həcmi son beş ildə 1,6 dəfə artıb
Fins.az – Azərbaycanda dövlət satınalmalarının ümumi həcmi son beş ildə 1,6 dəfə artaraq 2025-ci ildə 10,8 milyard manata çatıb.
Bu barədə Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin sədri Elnur Bağırov Bakıda keçirilən Ali Audit Orqanlarının Beynəlxalq Təşkilatının (INTOSAI) Dövlət Satınalmalarının Auditi üzrə İşçi Qrupunun (WGPPA) İllik Toplantısında çıxışı zamanı bildirib.
Onun sözlərinə görə, 2020-ci ildə 6,6 milyard manat olan dövlət satınalmalarının həcminin artması iqtisadi fəallığın genişlənməsinə, yerli müəssisələrin sifariş portfelinin böyüməsinə və yeni iş yerlərinin yaradılmasına şərait yaradıb.
Elnur Bağırov qeyd edib ki, 2025-ci ildə 2 mindən çox satınalan təşkilat tərəfindən keçirilən 19 min satınalmada 9 minə yaxın təchizatçı iştirak edib. Bu göstərici dövlət satınalmalarının geniş iştirakçılıq əsasında həyata keçirildiyini, biznes subyektləri üçün bazara çıxış imkanlarının artdığını və rəqabət mühitinin inkişaf etdiyini göstərir.
Agentlik sədri bildirib ki, rəqabətin güclənməsi elektron satınalmalarda da özünü göstərir. Belə ki, ötən il elektron satınalmalarda açılışı baş tutmuş müsabiqələr üzrə orta iştirakçı sayı 3,6 olub.
Onun sözlərinə görə, dövlət satınalmalarının elektronlaşdırılması əldə olunan nəticələrdə mühüm rol oynayıb. 2025-ci ildə 2020-ci illə müqayisədə elektron satınalmaların sayı 4,3 dəfə, məbləği isə 5,3 dəfə artıb.
Elnur Bağırov əlavə edib ki, ötən il elektron satınalmalar nəticəsində dövlət büdcəsinə qənaət edilən vəsaitin ehtimal olunan qiymətdə xüsusi çəkisi 17,9 faiz təşkil edib. Onun sözlərinə görə, bu göstərici rəqabətli satınalma mühitinin və elektron satınalma mexanizmlərinin səmərəliliyini təsdiqləyir.
Agentlik sədri vurğulayıb ki, hazırda dövlət satınalmalarında süni intellekt texnologiyalarının tətbiqi yeni mərhələyə qədəm qoyub. O bildirib ki, süni intellekt alqoritmləri satınalma sənədlərini avtomatik təhlil edərək potensial risklərin və rəqabəti məhdudlaşdıra biləcək şərtlərin erkən mərhələdə müəyyən edilməsinə imkan yaradır.