
Azərbaycanda dəmir yolu nəqliyyatı ilə yük daşımaları 698,8 milyon dolları keçib
2026-cı ilin yanvar–mart aylarında Azərbaycanda dəmir yolu nəqliyyatı vasitəsilə 698,8 milyon ABŞ dolları dəyərində ümumilikdə 1,599 milyon ton yük daşınıb.
Fins.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu göstərici 2025-ci ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 39,2 milyon ABŞ dolları və ya 5,3%, həcm ifadəsində isə 143,3 min ton və ya 8,2% azalma ilə müşahidə olunub.
Hesabat dövründə ölkədən dəmir yolu nəqliyyatı ilə 195 milyon ABŞ dolları dəyərində təxminən 505,7 min ton yük ixrac edilib. Bu, əvvəlki ilin eyni dövrü ilə müqayisədə dəyər baxımından 12,3 milyon ABŞ dolları və ya 6,7% artım, həcm ifadəsində isə 63,1 min ton və ya 11,1% azalma deməkdir.
Eyni zamanda, 2026-cı ilin yanvar–mart aylarında Azərbaycana dəmir yolu ilə 503,8 milyon ABŞ dolları dəyərində 1,093 milyon ton yük idxal olunub. Bu göstərici illik müqayisədə dəyər üzrə 51,5 milyon ABŞ dolları və ya 9,3%, həcm üzrə isə 80,2 min ton və ya 6,8% azalma ilə nəticələnib.
Ümumilikdə, 2026-cı ilin ilk rübündə Azərbaycanda bütün nəqliyyat vasitələri ilə 9,407 milyard ABŞ dolları dəyərində 13,014 milyon ton yük daşınıb. Bu, 2025-ci ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 2,642 milyard ABŞ dolları və ya 21,9%, həcm ifadəsində isə 1,328 milyon ton və ya 9,3% azalma deməkdir.
Hesabat dövründə ölkədən ümumilikdə 5,402 milyard ABŞ dolları dəyərində 10,796 milyon ton yük ixrac edilib. Bu göstərici illik müqayisədə dəyər baxımından 983,7 milyon ABŞ dolları və ya 15,4%, həcm baxımından isə 737,2 milyon ton və ya 6,4% azalıb.
Eyni zamanda Azərbaycana idxal olunan yüklərin həcmi 4,005 milyard ABŞ dolları dəyərində 2,218 milyon ton təşkil edib. Bu da 2025-ci ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 1,658 milyard ABŞ dolları və ya 29,3%, həcm baxımından isə 590,4 min ton və ya 21% azalma göstərib.