
Azərbaycanda cari xərclərin maliyyələşməsində qeyri-neft gəlirlərinin payı artır
Azərbaycanda 2026-cı ilin sonuna qədər dövlətin cari xərclərinin böyük hissəsi qeyri-neft sektorundan əldə olunan gəlirlər hesabına maliyyələşdiriləcək.
Fins.az Maliyyə Nazirliyinin məlumatına əsasən xəbər verir ki, təqdim olunan proqnozlara görə, həmin dövrdə cari xərclərin təxminən 88 faizi qeyri-neft gəlirləri ilə qarşılanacaq. Bu göstərici ölkədə fiskal dayanıqlılığın gücləndirilməsi istiqamətində atılan addımların nəticəsi kimi qiymətləndirilir.
Nazirliyin məlumatında bildirilir ki, ortamüddətli makro-büdcə yanaşması yalnız fiskal sabitliyin qorunmasını deyil, eyni zamanda prioritet dövlət proqramlarının və strategiyaların maliyyələşdirilməsini də nəzərdə tutur.
Sənədə əsasən, qeyri-neft baza kəsirinin qeyri-neft ümumi daxili məhsula nisbətinin mərhələli şəkildə azaldılması planlaşdırılır. Proqnozlara görə, bu göstərici 2029-cu ilin sonuna qədər 13 faiz səviyyəsinə enəcək.
Eyni zamanda qeyd olunur ki, ortamüddətli dövrün sonunda cari xərclərin qeyri-neft gəlirləri hesabına tam təmin olunması əsas hədəflərdən biri kimi müəyyən edilib. Bu istiqamətdə atılan addımların ölkənin uzunmüddətli fiskal sabitliyinə töhfə verməsi gözlənilir.