Azərbaycanda aqrar sahədə 315 mindən çox fermeri əhatə edən Sİ layihəsi icra olunur - İlhamə Qədimova

Azərbaycanda aqrar sahədə 315 mindən çox fermeri əhatə edən Sİ layihəsi icra olunur - İlhamə Qədimova

BİZNES
275

İqlim dəyişikliyi artıq yalnız ekoloji deyil, eyni zamanda qlobal iqtisadi proseslərə, ərzaq təhlükəsizliyinə və kənd təsərrüfatının gələcəyinə birbaşa təsir göstərən əsas amillərdən birinə çevrilib.

Fins.az xəbər verir ki, bunu kənd təsərrüfatı nazirinin müavini İlhamə Qədimova “Erkən xəbərdarlıq və iqlimə dayanıqlı şəhərlər” mövzusunda keçirilən tədbirdə çıxışı zamanı bildirib.

Nazir müavini qeyd edib ki, qlobal temperatur artımı, quraqlıq dinamikasının güclənməsi, şirin su ehtiyatlarının azalması və digər ekstremal hidrometeoroloji hadisələr Azərbaycanda da yeni risklər yaradır. Onun sözlərinə görə, bu risklərdən ən çox təsirlənən sahə məhz kənd təsərrüfatıdır.

İlhamə Qədimova bildirib ki, aqrar sektor iqlim faktorlarından birbaşa asılı olduğu üçün ölkənin makroiqtisadi sabitliyi və ərzaq təhlükəsizliyi baxımından strateji əhəmiyyət daşıyır və bu sahədə dayanıqlılığın artırılması prioritet istiqamət olaraq qalır.

Nazir müavini erkən xəbərdarlıq sistemlərinin qurulmasının xüsusi əhəmiyyət daşıdığını vurğulayaraq qeyd edib ki, bu mexanizmlər yalnız xəbərdarlıq funksiyası daşımır, həm də risklərin əvvəlcədən proqnozlaşdırılmasına, düzgün idarəetmə qərarlarının qəbuluna və resursların səmərəli istifadəsinə imkan yaradır.

Onun sözlərinə görə, dəqiq aqrometeoroloji proqnozların Elektron Kənd Təsərrüfatı İnformasiya Sisteminə (EKTİS) inteqrasiyası mühüm strateji addımdır. Aqrometeoroloji məlumatların EKTİS vasitəsilə fermerlərə operativ çatdırılması təsərrüfat idarəçiliyində yeni mərhələ formalaşdırır. Bu sistem vasitəsilə fermerlər əkin, suvarma və məhsul yığımı kimi aqrotexniki prosesləri elmi əsaslarla planlaşdıra, şaxta, dolu və quraqlıq kimi risklərə qarşı qabaqlayıcı tədbirlər görə, həmçinin təsərrüfat fəaliyyətini iqlim dəyişikliklərinə uyğunlaşdıra bilirlər.

Nəticədə məhsul itkilərinin azaldıldığı, aqrar sahədə maliyyə dayanıqlığının gücləndiyi və ümumi ərzaq balansının sabitliyinin təmin edildiyi bildirilib.

İlhamə Qədimova əlavə edib ki, aqrar sahədə resursların daha səmərəli idarə olunması məqsədilə Süni İntellekt əsaslı sistemlərin tətbiqi də genişləndirilir. Müasir rəqəmsal texnologiyalar böyük həcmli məlumatların təhlili əsasında daha dəqiq qərarların qəbuluna imkan yaradır.

Onun sözlərinə görə, 2024–2026-cı illəri əhatə edən “Aqrar Süni İntellekt” layihəsi çərçivəsində ölkə üzrə 180-dən çox iqlim stansiyasının məlumatları, peyk görüntüləri və torpaq analizləri vahid platformada birləşdirilib. İndiyədək 315 mindən çox fermer və 636 min hektardan artıq ərazi üzrə məlumatlar təhlil edilib.

Layihə çərçivəsində hazırlanan 33 modeldən 14-ü artıq inteqrasiya mərhələsindədir, qalanlarının isə ilin sonunadək tamamlanması planlaşdırılır. Hazırda 4 regionda 4 meyvə növü üzrə fermerlərə xəstəlik və zərərvericilər barədə 3 gün əvvəlcədən xəbərdarlıq göndərilir. Bu isə məhsul itkisini azaldır, resurslara qənaət edir və subsidiya siyasətinin təkmilləşdirilməsinə töhfə verir.

Eyni zamanda sistemin e-Agro, EKTİS və Yonca platformalarına inteqrasiyasının yekunlaşmaq üzrə olduğu qeyd edilib.

Qeyd edək ki, WUF13 tədbiri 17–22 may tarixlərində BMT-nin Məskunlaşma Proqramı (UN-Habitat) və Azərbaycan hökumətinin birgə təşkilatçılığı ilə Bakıda keçirilir.

Forum “Hamı üçün mənzil: təhlükəsiz və dayanıqlı şəhərlər və yaşayış məntəqələri” mövzusuna həsr olunub və qlobal miqyasda şəhərsalma, mənzil təminatı və dayanıqlı inkişaf məsələlərinin müzakirəsi üçün platforma yaradır.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Azərbaycanda aqrar sahədə 315 mindən çox fermeri əhatə edən Sİ layihəsi icra olunur - İlhamə Qədimova — Fins.az — Fins.az