
Azərbaycan yaradıcı infrastruktur və insan kapitalının inkişafına yatırımı artırır - Səadət Yusifova
Azərbaycan yaradıcı sənayelərin inkişafı istiqamətində təhsil, insan kapitalı və yaradıcı infrastrukturun gücləndirilməsinə xüsusi önəm verir.
Fins.az xəbər verir ki, bu barədə Azərbaycanın Mədəniyyət nazirinin müavini Səadət Yusifova Bakıda keçirilən WUF13 çərçivəsində təşkil olunan “UNESCO-nun Yaradıcı Şəhərləri və dayanıqlı şəhər inkişafı” mövzusunda panel sessiyada çıxışı zamanı bildirib.
Nazir müavini qeyd edib ki, Azərbaycanda yaradıcı sənayelərin inkişafı məqsədilə müxtəlif inkubasiya proqramları və təhsil təşəbbüsləri həyata keçirilir.
Onun sözlərinə görə, oyun sənayesi və mədəni texnologiyalar sahəsində təşkil olunan inkubasiya proqramları, təqaüd və sertifikat layihələri, həmçinin QHT-lərə təqdim edilən qrant dəstəyi yeni kreativ mütəxəssislər nəslinin formalaşmasına mühüm töhfə verir.
Səadət Yusifova bildirib ki, bu istiqamətdə institusional bazanın genişləndirilməsi də davam etdirilir.
O vurğulayıb ki, Bakıda fəaliyyət göstərən Mədəniyyət və Yaradıcı Sənayelərin İnkişafı Mərkəzi yaradıcı şəxslər üçün yeni peşəkar imkanlar yaradır və gələcəkdə bu modelin regionlarda da tətbiqi planlaşdırılır.
Nazir müavininin sözlərinə görə, yaradıcı sənayelərin inkişafı ölkədə innovativ iqtisadiyyatın və dayanıqlı şəhər inkişafının mühüm istiqamətlərindən biri hesab olunur.
Qeyd edək ki, WUF13 mayın 17-dən 22-dək Bakıda keçirilir. Forum çərçivəsində urbanizasiya, yaradıcı iqtisadiyyat, dayanıqlı şəhər inkişafı və beynəlxalq əməkdaşlıq mövzuları üzrə müzakirələr aparılır.