
Azərbaycan üzərindən tranzit yükdaşımaları 4,3 milyon tona çatıb
2025-ci ildə Azərbaycan ərazisindən həyata keçirilən tranzit yükdaşımalarının həcmi 4,3 milyon tona çatıb. Bu göstərici 2019-cu illə müqayisədə 2,5 dəfə artım deməkdir.
Fins.az xəbər verir ki, bu barədə Bakıda keçirilən 2-ci Xəzər Beynəlxalq Nəqliyyat, Tranzit və Logistika Forumunda çıxış edən Azərbaycan Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Nəqliyyat Siyasəti Departamentinin Beynəlxalq Nəqliyyat Əməliyyatları şöbəsinin müdiri Aytən Turabova məlumat verib.
Onun sözlərinə görə, ötən il konteyner daşımalarında da əhəmiyyətli artım qeydə alınıb. Belə ki, konteyner daşımalarının həcmi 25% yüksələrək 77 min TEU-a çatıb.
A.Turabova bildirib ki, Şərq–Qərb və Şimal–Cənub nəqliyyat dəhlizlərinin kəsişməsində yerləşən Azərbaycan strateji coğrafi mövqeyi sayəsində regionun əsas tranzit mərkəzlərindən biri kimi rolunu daha da gücləndirir. Onun sözlərinə görə, nəqliyyat sektorunda rəqəmsallaşma prosesləri ölkənin tranzit və logistika imkanlarının rəqabət qabiliyyətinin artırılmasında mühüm rol oynayır.
Nazirlik rəsmisi qeyd edib ki, son 20 ildə Azərbaycanda nəqliyyat infrastrukturunun inkişafına böyük həcmdə investisiyalar yönəldilib. Bu çərçivədə dəmir yolları, avtomobil magistralları, hava limanları və liman infrastrukturu üzrə iri layihələr həyata keçirilib.
O, Azərbaycanın mühüm nəqliyyat layihələri sırasında illik ötürmə qabiliyyəti 5 milyon ton olan Bakı–Tbilisi–Qars dəmir yolu xətti layihəsini, həmçinin 15 milyon ton yükötürmə gücünə və 100 min TEU konteyner terminalına malik Bakı Beynəlxalq Dəniz Ticarət Limanı kompleksini xüsusi vurğulayıb.
A.Turabovanın sözlərinə görə, beynəlxalq nəqliyyat dəhlizlərinin gələcək inkişafı yalnız fiziki infrastrukturla məhdudlaşmır və bu prosesdə rəqəmsal texnologiyaların tətbiqi əsas amillərdən biri hesab olunur.
Bu məqsədlə hazırda yük göndərənləri, daşıyıcıları, ekspeditorları, dövlət qurumlarını və digər logistika iştirakçılarını vahid platformada birləşdirəcək “bir pəncərə” prinsipinə əsaslanan informasiya sisteminin yaradılması istiqamətində işlər aparılır.
Onun sözlərinə görə, yeni sistem bürokratik prosedurların sadələşdirilməsinə, məlumatların yalnız bir dəfə təqdim olunması prinsipinin tətbiqinə, daşımaların şəffaflığının artırılmasına və nəqliyyat marşrutlarında yaranan problemlərin real vaxt rejimində müəyyən edilərək aradan qaldırılmasına imkan verəcək.
Nazirlik nümayəndəsi əlavə edib ki, Azərbaycan beynəlxalq əməkdaşlıq çərçivəsində nəqliyyat sahəsində rəqəmsallaşmanı da fəal şəkildə təşviq edir. Xüsusilə Türk Dövlətləri Təşkilatı çərçivəsində elektron icazə sistemi (e-Permit) üzrə işlər davam etdirilir. Hazırda elektron icazələrin mübadiləsi Türkiyə, Qırğızıstan və Özbəkistanla həyata keçirilir, Qazaxıstanla isə bu istiqamətdə danışıqlar aparılır.