Azərbaycan Suriyaya 53,9 milyon dollarlıq təbii qaz ixrac edib

Azərbaycan Suriyaya 53,9 milyon dollarlıq təbii qaz ixrac edib

BİZNES
346

Bu ilin yanvar-fevral aylarında Azərbaycandan Suriya Ərəb Respublikasına 53,926 milyon ABŞ dolları dəyərində 160,472 milyon kubmetr (qaz halında) təbii qaz ixrac edilib.

Fins.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, Azərbaycan qazının Suriyaya ixracı enerji əməkdaşlığı çərçivəsində həyata keçirilən yeni layihənin tərkib hissəsidir.

Qeyd edilib ki, 2025-ci il iyulun 12-də Suriyanın keçid dövrü Prezidenti Əhməd Əl Şaraanın Azərbaycana işgüzar səfəri çərçivəsində SOCAR ilə Suriya Ərəb Respublikası Hökuməti arasında Anlaşma Memorandumu imzalanıb. Sənədə SOCAR-ın Müşahidə Şurasının sədri Mikayıl Cabbarov və Suriyanın energetika naziri Məhəmməd Əl Bəşir imza atıblar.

Məlumata əsasən, imzalanmış sənəd çərçivəsində təbii qazın nəqli üçün texniki hazırlıqlar tamamlanıb və 2025-ci il avqustun 2-dən etibarən Azərbaycan qazının Türkiyə üzərindən Suriyaya ixracına start verilib. Layihənin ilk mərhələsində ildə 1,2 milyard kubmetr qazın ixracı nəzərdə tutulur.

Qaz Türkiyənin Kilis şəhəri vasitəsilə Hələb və Homsdakı elektrik stansiyalarına çatdırılır və elektrik enerjisinin istehsalında istifadə olunur. Layihə nəticəsində 1 200–1 300 meqavatlıq elektrik istehsal gücünün əldə edilməsi planlaşdırılır.

Bundan əlavə, ümumilikdə 2026-cı ilin yanvar-fevral aylarında Azərbaycandan 8 ölkəyə 1,285 milyard ABŞ dolları dəyərində 4,381 milyard kubmetr təbii qaz ixrac edilib. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 17,1%, həcm baxımından isə 4,6% artım nümayiş etdirib.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Azərbaycan Suriyaya 53,9 milyon dollarlıq təbii qaz ixrac edib — Fins.az — Fins.az