
Azərbaycan və Qazaxıstan biznes dairələri TEI Forum 2026-nı müzakirə edib
Qazaxıstanın ən nüfuzlu biznes qurumlarından biri olan “Atameken” Milli Sahibkarlar Palatasında TEI Forum 2026-nın hazırlıqları çərçivəsində mühüm görüş keçirilib.
Fins.az xəbər verir ki, “Atameken” Milli Sahibkarlar Palatasının ofisində baş tutan görüşdə Palatanın direktoru Alin Kanat Toleybekoviç ilə müzakirələr aparılıb.
Görüş zamanı TEI Forum 2026-nın məqsədləri, forumun regional biznes əməkdaşlıqlarının inkişafına verəcəyi töhfələr, Azərbaycan və Qazaxıstan şirkətləri arasında yeni tərəfdaşlıqların qurulması, ixrac imkanlarının genişləndirilməsi və innovasiya ekosistemlərinin inteqrasiyası geniş müzakirə olunub.
Qeyd olunub ki, biznes dünyasında uğurun əsas şərtlərindən biri doğru platformada və doğru tərəfdaşlarla görüşlərin təşkili hesab edilir. Bu baxımdan TEI Forum 2026 yalnız tədbir deyil, eyni zamanda yeni bazarlara çıxış, beynəlxalq tərəfdaşların tapılması, investorlarla əlaqələrin qurulması və şirkətlərin regional səviyyədə tanıdılması üçün geniş imkanlar yaradır.
TEI Forum 2026 30-31 Oktyabr 2026-cı il tarixlərində Bakı Konqres Mərkəzində keçiriləcək. Forum “Trade • Export • Innovation” konsepti ilə təşkil olunacaq.
Bildirilir ki, şirkətlər öz məhsul və xidmətlərini minlərlə sahibkara, investora, dövlət qurumuna və beynəlxalq nümayəndə heyətlərinə təqdim etmə imkanı əldə edəcəklər.
Forum çərçivəsində yeni müştərilərin qazanılması, xarici tərəfdaşlarla B2B görüşlərin keçirilməsi, brend tanınırlığının artırılması, ixrac imkanlarının genişləndirilməsi və potensial investorlarla əlaqələrin qurulması nəzərdə tutulur.
Təşkilatçılar sahibkarları, şirkət rəhbərlərini, ixracatçıları, startapları və investorları TEI Forum 2026-da iştirak etməyə dəvət edirlər. Bilet və stend satışlarının artıq başladığı bildirilir.


