
Azərbaycan Orta Dəhlizdə strateji qovşaq kimi ön plana çıxır - IFS-nin baş direktoru
Logistika dəhlizləri qlobal ərzaq təhlükəsizliyinin əsas elementlərindən biridir.
Fins.az xəbər verir ki, bunu Bakıda keçirilən 19-cu Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı Sərgisi və Forumunda İslam Ərzaq Təhlükəsizliyi Təşkilatının (IFS) baş direktoru Berik Arın bildirib.
Onun sözlərinə görə, IFS-ə üzv ölkələr ərzaq təminatı baxımından fərqli imkanlara malikdir. Bəzi ölkələr istehlak etdiklərindən daha çox istehsal etdiyi halda, digərləri idxaldan asılıdır. Bu isə effektiv logistika dəhlizlərinin inkişafını strateji zərurətə çevirir.
B.Arin Azərbaycanın Orta Dəhliz üzərində yerləşən mühüm nəqliyyat qovşağı rolunu xüsusi vurğulayıb. O qeyd edib ki, nəqliyyat marşrutları artıq yalnız ticarət kanalları deyil, həm də regional sabitlik və ərzaq təchizatının əsas arteriyaları hesab olunur.
IFS rəsmisi üzv ölkələr arasında əlaqələndirmənin gücləndirilməsi, standartların uyğunlaşdırılması və qarşılıqlı etimadın artırılmasının vacibliyini də diqqətə çatdırıb.
Onun sözlərinə görə, təşkilat hazırda ərzaq təhlükəsizliyinin təmin olunması üzrə strateji plan hazırlayır və sənəd təsdiqin son mərhələsindədir. Plan təchizat zəncirlərinin koordinasiyasını və dayanıqlığını artırmağa xidmət edəcək.
Berik Arın əlavə edib ki, kənd təsərrüfatında inklüziv dəyər zəncirlərinin qurulması, qadınların dəstəklənməsi, məhsul itkilərinin azaldılması, emal, saxlanma və daşınma sahələrinin inkişafı da prioritet istiqamətlərdəndir.