
Azərbaycan neft hasilatı BEA hesabatında yenilənib
Beynəlxalq Enerji Agentliyi (BEA) Azərbaycanın neft hasilatı üzrə 2026-cı il proqnozunu açıqlayıb.
Fins.az-ın BEA-nın may hesabatına istinadən məlumatına görə, 2026-cı ildə ölkədə gündəlik orta neft hasilatının 0,57 milyon barel təşkil edəcəyi gözlənilir. Bu göstərici əvvəlki hesabatda 0,58 milyon barel səviyyəsində proqnozlaşdırılmışdı.
BEA-nın qiymətləndirməsinə əsasən, 2026-cı ilin birinci rübündə Azərbaycanda neft hasilatı təxminən 0,57 milyon barel/gün olub və ilin digər rüblərində də bu səviyyənin qorunacağı ehtimal edilir.
Bununla yanaşı, Azərbaycan Energetika Nazirliyinin məlumatına əsasən, 2026-cı ilin yanvar–mart aylarında ölkədə kondensat da daxil olmaqla ümumi neft hasilatı 6,6 milyon ton təşkil edib.
Hasilatın 3,9 milyon tonu “Azəri-Çıraq-Günəşli”, 0,9 milyon tonu “Şahdəniz”, 0,1 milyon tonu isə “Abşeron” yatağının payına düşüb. SOCAR üzrə hasilat isə 1,7 milyon ton təşkil edib.
Həmin dövrdə 5,2 milyon ton neft (kondensatla birlikdə) ixrac edilib. İxracın 4,8 milyon tonu konsorsiumların, 0,3 milyon tonu SOCAR-ın, 0,1 milyon tonu isə JOCAP-ın payına düşüb.