
Azərbaycan iqtisadiyyatına investisiya qoyuluşu artıb
2026-cı ilin yanvar-fevral aylarında Azərbaycan iqtisadiyyatına yönəldilən investisiyaların ümumi həcmi 2 milyard 436,4 milyon manat təşkil edib.
Fins.az xəbər verir ki, bu barədə məlumat Dövlət Statistika Komitəsinin açıqladığı yanvar-fevral makroiqtisadi göstəricilərində yer alıb.
Hesabata əsasən, neft-qaz sektoruna yönəldilmiş investisiyaların həcmi 51,4% artmış, qeyri-neft-qaz sektoruna yönəldilmiş investisiyalar isə 5,1% yüksəlmişdir. Ümumi sərmayənin 1 milyard 434,0 milyon manatı (58,9%) məhsul istehsalına, 794,7 milyon manatı (32,6%) xidmət sahələrinə, 207,7 milyon manatı (8,5%) isə yaşayış evlərinin tikintisinə sərf olunub.
Ümumi sərmayənin 28,9%-i dövlət, 71,1%-i qeyri-dövlət sektorunun sərmayədarları tərəfindən qoyulub. Sərmayə qoyuluşunun 53,3%-i tikinti-quraşdırma işlərinə yönəldilib. Daxili mənbələr əsas kapitala yönəldilmiş investisiyaların 73,1%-ini təşkil edib.
Sektorlar üzrə sərmayə payları belə olub: sənaye 49,1%, nəqliyyat və anbar təsərrüfatı 24,9%, tikinti 15,8%, informasiya və rabitə 4,4%, kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq 2,5%. Hər biri 0,7% olmaqla dövlət idarəetməsi və müdafiə, əhaliyə səhiyyə və sosial xidmətlər; 0,5% inzibati və yardımçı xidmətlər; hər biri 0,4% ticarət və nəqliyyat vasitələrinin təmiri, maliyyə və sığorta; 0,3% təhsil; 0,2% turistlərin yerləşdirilməsi və ictimai iaşə; 0,1% isə istirahət, əyləncə və incəsənət sahələrinə yönəldilib.
Qeyd olunub ki, bu göstəricilər investisiya siyasətinin izlənməsi, sektorlar üzrə sərmayə payının qiymətləndirilməsi və iqtisadi inkişafın təhlili üçün əsas statistik məlumatları təmin edir.