
Azərbaycan və Danimarka iqtisadi əməkdaşlığın genişləndirilməsini müzakirə edib
Azərbaycan və Danimarka arasında iqtisadi əməkdaşlığın genişləndirilməsi və yeni biznes imkanlarının yaradılması müzakirə edilib.
Fins.az xəbər verir ki, bu barədə İqtisadiyyat naziri Mikayıl Cabbarov sosial şəbəkə hesabında məlumat paylaşıb.
Görüş Danimarkanın Azərbaycandakı qeyri-rezident səfiri Ole Toft və “Novo Nordisk Azərbaycan” əczaçılıq şirkətinin baş direktoru Şule Erdim Ersoy ilə keçirilib.
Görüş zamanı ölkələr arasında iqtisadi əlaqələrin diversifikasiyası, prioritet əməkdaşlıq istiqamətləri və biznes mühitinin inkişafı məsələləri müzakirə olunub. Xüsusilə səhiyyə sektorunda əməkdaşlıq imkanları və dövlət-özəl tərəfdaşlıq modelinin tətbiqi diqqət mərkəzində olub.
“Novo Nordisk” şirkətinin Azərbaycandakı fəaliyyəti və gələcək inkişaf perspektivləri barədə fikir mübadiləsi aparılıb. Şirkət diabet, piylənmə və digər xroniki xəstəliklərin müalicəsi sahəsində qlobal fəaliyyət göstərən aparıcı əczaçılıq şirkətlərindən biridir.
Qeyd edək ki, “Novo Nordisk” 1923-cü ildə təsis edilib, mərkəzi Kopenhagen yaxınlığında yerləşir və 170-dən çox ölkədə fəaliyyət göstərir.
Görüş iki ölkə arasında iqtisadi və səhiyyə sahələrində əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanların açılmasına xidmət edir.