Azərbaycan 2030-cu ilə qədər müasir suvarma sahələrini 300 min hektara çatdıracaq

Azərbaycan 2030-cu ilə qədər müasir suvarma sahələrini 300 min hektara çatdıracaq

BİZNES
353

Azərbaycan 2030-cu ilə qədər müasir suvarma sistemləri ilə əhatə olunan ərazilərin sahəsini iki dəfədən çox artırmağı planlaşdırır.

Fins.az xəbər verir ki, bunu kənd təsərrüfatı naziri Məcnun Məmmədov Bakıda keçirilən 19-cu Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı Sərgisi və Forumunun ikinci günündə çıxışı zamanı bildirib.

Nazirin sözlərinə görə, hazırda kənd təsərrüfatı Azərbaycanın ÜDM-nin təxminən 5–6%-ni təşkil edir və məşğulluğun 25%-dən çoxu aqrar sektorun payına düşür.

M.Məmmədov qeyd edib ki, Azərbaycanın su ehtiyatlarının təxminən 70%-i xaricdən formalaşsa da, əsas problem su çatışmazlığı deyil, resursların idarə olunmasıdır.

Nazir bildirib ki, bu istiqamətdə bir neçə əsas addım həyata keçirilir. Bunlara müxtəlif həcmdə su anbarlarının yaradılması, açıq və torpaq kanallarından beton kanallara keçid, qapalı boru sistemlərinin tətbiqi və suyun ölçülməsi mexanizmlərinin qurulması daxildir.

Nazirin sözlərinə görə, hazırda Azərbaycanda suvarılan torpaqların təxminən 10–14%-i, yəni 130 min hektara yaxın ərazi müasir suvarma sistemləri ilə əhatə olunub.

“2030-cu ilə qədər bu göstəricinin iki dəfədən çox artırılması və müasir suvarma sistemləri ilə əhatə olunan sahənin 300 min hektara çatdırılması planlaşdırılır”, – deyə M.Məmmədov vurğulayıb.

O əlavə edib ki, bu məqsədlə yeni kənd təsərrüfatı proqramının istifadəyə verilməsi nəzərdə tutulur.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Azərbaycan 2030-cu ilə qədər müasir suvarma sahələrini 300 min hektara çatdıracaq — Fins.az — Fins.az