
ARDNF-nin qızıl ehtiyatları 178,1 tona çatdı – II rübdə qızıl satışı dayandırılıb
Fins.az – Azərbaycan Dövlət Neft Fondu (ARDNF) 2026-cı ilin II rübündə qızıl satışını dayandırıb.
Bu barədə Fondun məlumatında bildirilib.
Məlumata görə, ARDNF-nin qızıl ehtiyatlarının həcmi 178,1 ton təşkil edib.
Cari ilin iyulun 1-nə Fondun investisiya portfelində qızılın xüsusi çəkisi 31,4% olub.
ARDNF qeyd edib ki, 2026-cı ilin birinci rübündə başlayan ABŞ-İran münaqişəsi qlobal maliyyə və enerji bazarlarında yüksək volatilliyə səbəb olub və geosiyasi gərginlik bütün investisiya istiqamətlərinə mənfi təsir göstərib.
Fondun məlumatına əsasən, ikinci rüb ərzində müxtəlif maliyyə alətləri üzrə qiymətlər bərpa olunub və müsbət gəlirlilik əldə edilib.
Bununla yanaşı, qızıl idarəetmədə olan ümumi vəsaitlərə mənfi töhfə verib.
ARDNF bildirib ki, qızılın qiyməti 2026-cı ilin birinci rübünün əvvəlində ABŞ dollarının zəifləməsi və investorların dövlət istiqrazları ilə valyutalardan real aktivlərə yönəlməsi nəticəsində kəskin artıb.
Lakin birinci rübün sonunda qiymətlərdə kəskin eniş başlayıb.
Fondun qiymətləndirməsinə görə, real faiz dərəcələrinin yüksəlməsi fonunda qızıl qiymətlərindəki azalma ikinci rüb ərzində də davam edib.