
Aqroparklar ixracyönlü mərkəzlərə çevrilməlidir - Azər Bayramov
Məhdud torpaq və su resursları nəzərə alınmaqla Azərbaycanda kənd təsərrüfatı sahəsinə daha peşəkar yanaşmanın tətbiqi, fermerlərin sertifikatlı toxum, müasir suvarma sistemləri, baytarlıq və digər aqrotexniki xidmətlərə, eləcə də maliyyə və sığorta alətlərinə əlçatanlığının artırılması istiqamətində məqsədyönlü addımlar atılmalıdır.
Fins.az xəbər verir ki, bu fikirləri iqtisadiyyat nazirinin müavini Azər Bayramov Aqrobiznesin İnkişafı Forumunda çıxışı zamanı səsləndirib.
Onun sözlərinə görə, kənd təsərrüfatı sahəsində hazırlanacaq yeni dövlət proqramı çərçivəsində dövlət dəstəyi istehsalın intensivləşdirilməsinə və emal sektorunun genişləndirilməsinə yönəldilməlidir.
Azər Bayramov bildirib ki, aqrar sığorta sisteminin risk portfelinin və sığorta əhatəsinin genişləndirilməsi fermerlərin dövlət dəstəyindən daha dayanıqlı şəkildə yararlanmasına imkan yaradır.
O qeyd edib ki, tədarük zəncirinin inkişafı kiçik istehsalçıların bazara çıxış problemlərinin həllində mühüm rol oynaya bilər.
Nazir müavini vurğulayıb ki, əsas prioritet istiqamətlərdən biri dəyər zəncirinin dərinləşdirilməsidir. Onun sözlərinə görə, kənd təsərrüfatında əsas əlavə dəyər emal prosesində formalaşır.
“Ət, süd, meyvə, tərəvəz, üzüm kimi məhsulların emalının dərinləşdirilməsi və klaster əsaslı istehsal-emal zəncirlərinin formalaşdırılması həm məşğulluğa, həm ixrac gəlirlərinə, həm də regionların inkişafına birbaşa töhfə verə bilər”, – deyə o bildirib.
Azər Bayramov əlavə edib ki, soyuducu anbarlar, taxıl elevatorları və süd toplama infrastrukturunun genişləndirilməsi vacibdir və bu infrastruktur istehsal coğrafiyası, logistika marşrutları və ixrac imkanları nəzərə alınmaqla planlaşdırılmalıdır.
Onun sözlərinə görə, aqroparklar daha çox idxalı əvəz edən modeldən ixraca yönəlmiş aqrobiznes mərkəzlərinə transformasiya olunmalıdır.
“Aqroparklar kiçik istehsalçıların məhsullarını toplayan, keyfiyyət və sertifikasiya infrastrukturu təqdim edən və beynəlxalq tərəfdaşları cəlb edən mərkəzlər kimi fəaliyyət göstərməlidir”, – deyə nazir müavini qeyd edib.
O vurğulayıb ki, özəl operator modeli və birgə maliyyələşmə mexanizmlərinin tətbiqi dövlət büdcəsinə yükü azalda, eyni zamanda kommersiya səmərəliliyini artıra bilər.
Azər Bayramov əlavə edib ki, ixrac rəqabət qabiliyyətinin artırılması strateji prioritetdir və Azərbaycan aqrar ixracatının həm coğrafiyası, həm də məhsul çeşidi genişləndirilməlidir.
Onun sözlərinə görə, sanitar və fitosanitar strategiyanın gücləndirilməsi, akkreditasiyalı laboratoriyalar və beynəlxalq sertifikasiya infrastrukturunun formalaşdırılması mühüm əhəmiyyət daşıyır.
Nazir müavini qeyd edib ki, Avropa İttifaqı, Körfəz ölkələri, Çin və Cənub-Şərqi Asiya bazarları üçün ayrıca məhsul bazarlaşdırma strategiyaları hazırlanmalıdır.
O əlavə edib ki, “Made in Azerbaijan” brendi nar, fındıq, şərab kimi məhsullar üzərindən daha güclü şəkildə inkişaf etdirilməlidir.
Azər Bayramovun sözlərinə görə, ixrac daşıma tariflərinin subsidiyalaşdırılması üzrə yeni mexanizmlər aqrar və emal məhsullarının uzaq bazarlara çıxışını sürətləndirə bilər.