Aİ: Azərbaycanla enerji tərəfdaşlığı Avropanın enerji təhlükəsizliyini gücləndirir

Aİ: Azərbaycanla enerji tərəfdaşlığı Avropanın enerji təhlükəsizliyini gücləndirir

BİZNES
442

Avropa İttifaqı (Aİ) ilə Azərbaycan arasında enerji sahəsində əməkdaşlıq strateji əhəmiyyətini qoruyur və tərəflər arasında tərəfdaşlıq Avropanın enerji təhlükəsizliyinin möhkəmləndirilməsində mühüm rol oynayır.

Fins.az xəbər verir ki, bu fikirləri Avropa Komissiyasının Energetika üzrə Baş Direktorluğunun Enerji Platforması Qrupunun direktoru Kristina Lobillo Bakıda keçirilən Cənub Qaz Dəhlizi və “Yaşıl” enerji üzrə Məşvərət Şuralarının iclasında səsləndirib.

Onun sözlərinə görə, son illərdə qlobal siyasi mühitdə ciddi dəyişikliklər baş verib və bu şəraitdə Avropa İttifaqı enerji mənbələrinin şaxələndirilməsi və dayanıqlığın gücləndirilməsi istiqamətində, xüsusilə də qlobal bazarlara çıxışın təmin olunması üçün əhəmiyyətli investisiyalar yatırıb.

Direktor bildirib ki, etibarlı tərəfdaşlarla əməkdaşlığın qorunması Brüssel üçün prioritetdir:

“Bu kontekstdə Azərbaycan kimi etibarlı təchizatçılarla möhkəm və qarşılıqlı faydalı tərəfdaşlığın qorunmasına böyük önəm veririk. Son dövrlərdə Avropa İttifaqında yeni normativ-hüquqi baza üzərində işləyirik. Əsas istiqamətlərdən biri enerji təhlükəsizliyi arxitekturasının yenidən nəzərdən keçirilməsidir ki, bu da saxlama tədbirlərinin ötəsində olan, gələcək islahatların qiymətləndirilməsinə, eləcə də geosiyasi qeyri-sabitlik şəraitində qaz təchizatında mümkün fasilələrin qarşısının alınmasına xidmət edir”.

Kristina Lobillo qeyd edib ki, Aİ-nin qaz siyasətində əsas xətt asılılıq modelindən dayanıqlılıq modelinə keçiddir:

“Rusiyadan idxala tətbiq edilən hüquqi məhdudiyyətlər, eləcə də təchizatçıların şaxələndirilməsi, saxlama mexanizmlərinin gücləndirilməsi və bazar çevikliyinin artırılması daha suveren enerji siyasətinin formalaşmasına töhfə verir. Avropa Komissiyası öz yanaşmasını elə qurur ki, iqlim məqsədlərinə riayət etməklə və qiymət baxımından rəqabət qabiliyyətini qorumaqla yanaşı, təchizat təhlükəsizliyi də təmin edilsin”.

O vurğulayıb ki, sabit təchizat, rəqabətli şərtlər, tənzimləmələrin uyğunlaşdırılması və emissiyaların mərhələli azaldılması istiqamətində birgə fəaliyyət tərəflər üçün əlavə dəyər yaradır:

“Stabil təchizatın təmin edilməsi, rəqabətli şərtlər, tənzimləmənin uyğunlaşdırılması və emissiyaların mərhələli şəkildə azaldılması istiqamətində birgə fəaliyyət göstərməklə biz Avropanın enerji təhlükəsizliyini möhkəmləndirə, eyni zamanda Azərbaycanın əsas, etibarlı və gələcəyə yönəlmiş tərəfdaş kimi rolunu dəstəkləyə bilərik. Gəlin Avropa İttifaqı ilə Azərbaycan arasında etimad, sabitlik və ümumi rifah ruhunda enerji əməkdaşlığımızı daha da dərinləşdirək”.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Aİ: Azərbaycanla enerji tərəfdaşlığı Avropanın enerji təhlükəsizliyini gücləndirir — Fins.az — Fins.az