
AÇG-də yeni neft həlqəsindən hasilat sentyabrda başlanacaq – BP
Fins.az - BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Cio Kristofoli Bakı Enerji Həftəsi çərçivəsində bildirib ki, “Azəri-Çıraq-Günəşli” (AÇG) yatağının dərin hissələrində yeni neft həlqəsi müəyyən edilib və bu sahədən hasilatın sentyabr ayında başlanması planlaşdırılır.
Onun sözlərinə görə, şirkət artıq yeni kəşf olunmuş ehtiyatların həcmini dəqiqləşdirmək məqsədilə xüsusi hasilat quyusu qazıb. Bu quyu vasitəsilə həm neft həlqəsinin real ölçüləri, həm də onun hasilat potensialı barədə dəqiq məlumatlar əldə ediləcək.
C. Kristofoli bildirib ki, əvvəldən bu zonada neft ehtimalı mövcud olsa da, ehtiyatların dəqiq miqyası məlum deyildi. Buna görə də pilot hasilat və geoloji məlumatların toplanması vacib mərhələ hesab olunur.
Onun sözlərinə görə, hasilat quyusundan əldə ediləcək nəticələr AÇG yatağının gələcək inkişaf strategiyasının formalaşdırılmasında mühüm rol oynayacaq və investisiya qərarlarının daha dəqiq verilməsinə imkan yaradacaq.
BP rəsmisi qeyd edib ki, bu proses həm də Xəzər regionunda mövcud iri yataqların daha səmərəli işlənməsi baxımından yeni mərhələ kimi qiymətləndirilir.