AÇG-dən MOL Group üçün 18 milyon barel neft nəql edilib

AÇG-dən MOL Group üçün 18 milyon barel neft nəql edilib

BİZNES
155

Azərbaycanın “Azəri-Çıraq-Günəşli” (AÇG) yatağında hasil edilən təxminən 18 milyon barel xam neft Bakı–Tbilisi–Ceyhan (BTC) boru kəməri və dəniz daşımaları vasitəsilə Macarıstanın MOL Group şirkəti üçün Mərkəzi və Şərqi Avropadakı, o cümlədən Bratislava və Rieka şəhərlərində yerləşən neft emalı zavodlarına nəql olunub.

Fins.az xəbər verir ki, bu barədə MOL Group şirkətinin məlumatına istinadən xəbər verilir.

Şirkətin məlumatlarına əsasən, Azərbaycan regionun enerji təhlükəsizliyində mühüm rol oynayır və 2025-ci il üzrə göstəricilərə görə AÇG yatağı MOL Group-un ümumi hasilatının təxminən 14%-ni, təsdiqlənmiş ehtiyatlarının isə 26%-ni təşkil edir.

Məlumata görə, 2026-cı ilin birinci rübündə MOL Group-un AÇG blokunun işlənməsinə yönəltdiyi kapital xərcləri 32,4 milyon ABŞ dolları olub. Bu rəqəm ötən ilin eyni dövründəki 19,4 milyon ABŞ dolları ilə müqayisədə 1,7 dəfədən çox artım deməkdir. Eyni zamanda, kəşfiyyat işlərinə yatırılan investisiyalar 3,6 milyon ABŞ dollarından 1,2 milyon ABŞ dollarına enib.

Hesabat dövründə MOL Group-un AÇG blokunda gündəlik hasilatı 13 100 barel neft ekvivalentinədək yüksəlib ki, bu da 5,6% artım deməkdir. Bununla belə, bu göstərici əvvəlki rüblə müqayisədə 13,8% azalma göstərib. 2025-ci ilin yekunlarına görə isə gündəlik hasilat 13 400 barel neft ekvivalenti təşkil edib.

MOL Group 2020-ci ildə AÇG yatağında 9,57% pay və BTC boru kəmərində 8,9% effektiv pay əldə etməklə Azərbaycan enerji sektoruna daxil olub və bu vaxtdan etibarən Azərbaycan şirkətin beynəlxalq portfelinin əsas istiqamətlərindən birinə çevrilib.

2025-ci ilin dekabrında MOL Group və SOCAR Şamaxı–Qobustan regionunda quruda kəşfiyyat, işlənmə və məhsul bölgüsü üzrə yeni saziş imzalayıb. Layihədə MOL Group 65% payla operator, SOCAR isə 35% payla tərəfdaş kimi çıxış edir. Saziş çərçivəsində seysmik tədqiqatların 2026-cı ildə başlanması, daha sonra isə qazma mərhələsinə keçid planlaşdırılır.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
AÇG-dən MOL Group üçün 18 milyon barel neft nəql edilib — Fins.az — Fins.az