
"Abşeron" yatağından indiyədək 4,8 milyard kubmetr qaz hasil edilib
Fins.az – Xəzər dənizində yerləşən "Abşeron" qaz-kondensat yatağının işlənməsinin İlkin Hasilat Sxemi (İHS) mərhələsi çərçivəsində indiyədək təxminən 4,8 milyard kubmetr qaz və 1,8 milyon tona yaxın kondensat hasil edilib.
Bu barədə Energetika Nazirliyi məlumat yayıb.
Məlumata görə, "Abşeron" yatağında İlkin Hasilat Sxemi üzrə hasilata başlanmasından 3 il ötür.
Bildirilib ki, "Abşeron" qaz və kondensat yatağı Xəzər dənizində, sahildən 100 kilometr cənub-şərqdə yerləşir. Layihə üzrə Birgə Müəssisənin iştirakçıları TotalEnergies EP Abşeron B.V. (35%), SOCAR Abşeron (35%) və ADNOC XRG (30%) şirkətləridir.
Qeyd olunub ki, ilkin işlənmə mərhələsi üzrə hasilata 2023-cü ilin iyul ayında başlanılıb. Birinci mərhələdə sualtı hasilat quyusu SOCAR-ın Neft Daşlarındakı mövcud qurğularına birləşdirilmiş yeni qaz emalı platformasına qoşulub. Hazırda gündəlik hasilat gücü 4 milyon kubmetr qaz və 13 min barel kondensat təşkil edir. Hasil olunan qaz Azərbaycanın daxili bazarına yönəldilir.
Energetika Nazirliyinin məlumatına əsasən, birinci mərhələdən sonra tərəfdaşlar 2025-ci ilin əvvəlində başlanılan İlkin Texniki Layihələndirmə (İTL) çərçivəsində yatağın tammiqyaslı işlənməsi barədə qərar qəbul ediblər. Yekun Sərmayə Qərarının (YSQ) 2026-cı il ərzində verilməsi planlaşdırılır.
Tammiqyaslı işlənmə layihəsinə əsasən, "Abşeron" yatağından ilk təbii qazın 2029-cu il sentyabrın 1-də hasil edilməsi nəzərdə tutulur. Layihənin istismar müddətinin təxminən 30 il olacağı gözlənilir.
Nazirlik bildirir ki, tammiqyaslı işlənmə mərhələsində maksimum hasilat dövründə əlavə 110 min barel neft ekvivalenti həcmində gündəlik hasilat təmin ediləcək. Layihə çərçivəsində qaz və mayelərin emalı və ixracı üçün 140 kilometrlik çoxfazalı sualtı boru kəməri vasitəsilə Səngəçal terminalı yaxınlığında inşa ediləcək yeni qurğulara qoşulan üç dərinsulu hasilat quyusunun istismarı nəzərdə tutulur.
İkinci mərhələdə maksimum hasilat dövründə gündəlik qaz hasilatının 12,7 milyon kubmetr (ildə 4,5 milyard kubmetr) olacağı, əlavə olaraq gündə 35 min barel kondensat hasil ediləcəyi planlaşdırılır.