“Abşeron” qaz-kondensat yatağı üzrə FID yaxın aylarda qəbul oluna bilər — XRG

“Abşeron” qaz-kondensat yatağı üzrə FID yaxın aylarda qəbul oluna bilər — XRG

BİZNES
60

Fins.az - XRG şirkətinin Azərbaycan üzrə ölkə meneceri Tolqa Demir Bakı Enerji Həftəsi çərçivəsində keçirilən panel müzakirəsində “Abşeron” qaz-kondensat yatağının tammiqyaslı işlənməsi ilə bağlı yekun investisiya qərarına (FID) yaxın aylarda nail olunmasının gözlənildiyini bildirib.

O qeyd edib ki, “Abşeron” yatağı XRG-nin beynəlxalq qaz portfelində ilk layihədir və hazırda layihənin birinci mərhələsi uğurla həyata keçirilir.

Tolqa Demirin sözlərinə görə, hazırda SOCAR və TotalEnergies ilə birlikdə bir quyudan gündə təxminən 4 milyon kubmetr qaz və 12 min barel kondensat hasil olunur. Layihənin növbəti mərhələsində üç, ehtiyac olarsa dörd quyu nəzərdə tutulur. İlk qazın isə 2029-cu ilin avqust ayında əldə edilməsi hədəflənir.

O əlavə edib ki, XRG eyni zamanda Cənub Qaz Dəhlizində 12,5 faiz payın alınması prosesini yekunlaşdırmaq üzrədir. Şirkət artıq SOCAR, TotalEnergies və BOTAŞ ilə qaz satışına dair saziş imzalayıb ki, bu da FID mərhələsinə aparan mühüm addımlardan biri kimi qiymətləndirilir.

Tolqa Demir bildirib ki, XRG ABŞ, Misir, Mozambik və Türkmənistan daxil olmaqla bir sıra ölkələrdə beynəlxalq enerji layihələrində iştirak edir və bütün investisiyalar uzunmüddətli kapital və strateji tərəfdaşlıq prinsiplərinə əsaslanır.

“Abşeron” qaz-kondensat yatağı Cənubi Xəzər hövzəsində, Bakıdan 85–100 km şərqdə, 350–550 metr dərinlikdə yerləşir. Layihənin operatoru JOCAP-dır və yatağın ehtiyatları 303 milyard kubmetr qaz və 100 milyon ton kondensat həcmində qiymətləndirilir. Yataqda hasilata 2023-cü ildə başlanılıb.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
“Abşeron” qaz-kondensat yatağı üzrə FID yaxın aylarda qəbul oluna bilər — XRG — Fins.az — Fins.az