ABŞ: Cənub Qaz Dəhlizi Qafqazı Avropa ilə birləşdirən strateji layihədir

ABŞ: Cənub Qaz Dəhlizi Qafqazı Avropa ilə birləşdirən strateji layihədir

BİZNES
401

ABŞ administrasiyası Cənub Qaz Dəhlizinin strateji əhəmiyyətini yüksək qiymətləndirir və layihəni bölgədə enerji təhlükəsizliyinin əsas elementlərindən biri hesab edir.

Fins.az xəbər verir ki, bunu ABŞ Dövlət Katibinin İqtisadi, enerji və biznes məsələləri üzrə köməkçisi Kaleb Orr Bakıda keçirilən Cənub Qaz Dəhlizi Məşvərət Şurasının 12-ci nazirlər iclası və Yaşıl Enerji Məşvərət Şurasının 4-cü nazirlər iclasında onlayn çıxışı zamanı deyib.

O, layihənin ABŞ üçün strateji mahiyyət daşıdığını vurğulayıb:

"Cənub Qaz Dəhlizi bölgədəki uğurlu tərəfdaşlığımızın mərkəzində dayanır və enerji təhlükəsizliyinin milli təhlükəsizliklə sıx bağlı olduğuna dair ortaq mövqeyimizi əks etdirir. ABŞ Cənub Qaz Dəhlizini yaradıldığı ilk gündən dəstəkləyir və dəhlizin Qafqaz regionunu Avropa ilə birbaşa birləşdirmək baxımından strateji əhəmiyyətini yüksək qiymətləndirir”, – deyə Orr qeyd edib.

ABŞ rəsmisi əlavə edib ki, Vaşinqton Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu (TRIPP) və daha geniş Trans-Xəzər marşrutunun potensialının reallaşdırılması istiqamətində əməkdaşlıq imkanlarını yüksək qiymətləndirir:

"Regional iqtisadi inteqrasiyanı gücləndirmək, eləcə də enerji, strateji minerallar və digər məhsullar üçün ticarət yollarını genişləndirmək sahəsində birgə əməkdaşlıq üçün böyük imkanlar görürük.”

Qeyd edək ki, Türkiyə və Avropaya qaz tədarükünü təmin edən Cənub Qaz Dəhlizi dörd əsas komponentdən ibarətdir: Şahdəniz yatağının işlənməsinin ikinci mərhələsi, Cənubi Qafqaz Boru Kəmərinin genişləndirilməsi (SCPX), Transanadolu Qaz Boru Kəməri (TANAP) və Transadriatik Qaz Boru Kəməri (TAP).

Bu günə qədər dəhlizin Avropa seqmenti olan TAP vasitəsilə 56 milyard kubmetr qaz nəql edilib. Cari ilin yanvar ayında kəmər illik 1,2 milyard kubmetr həcmində ilk genişləndirmə mərhələsindən keçib ki, bu da 2026-cı ildən etibarən Avropa bazarına əlavə qaz tədarükünə imkan yaradacaq.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
ABŞ: Cənub Qaz Dəhlizi Qafqazı Avropa ilə birləşdirən strateji layihədir — Fins.az — Fins.az