
Yaxın Şərqdə gərginlik Avropa fond bazarlarını aşağı saldı
Fins.az - Yaxın Şərqdə hərbi gərginliyin artması Avropa fond bazarlarında enişə səbəb olub.
Investorların riskli aktivlərdən çıxması nəticəsində Qərbi Avropanın əsas indeksləri bazar ertəsi ticarətini mənfi zonada başa vurub.
Avropanın aparıcı şirkətlərini əhatə edən Stoxx Europe 600 indeksi 0,63% azalaraq 594,92 bəndə düşüb. Böyük Britaniya, Almaniya, Fransa, İtaliya və İspaniyanın əsas fond indekslərində də eniş qeydə alınıb.
ABŞ və İsrailin İrana qarşı hərbi əməliyyatları fonunda neft qiymətləri kəskin yüksəlib. Brent və WTI markalı neftin qiyməti bir barel üçün 119 dollardan yuxarı qalxaraq son illərin maksimumuna çatıb. Bu isə inflyasiya risklərini artırıb və qlobal iqtisadi artımla bağlı narahatlıqları gücləndirib.
Neft qiymətlərinin artması enerji şirkətlərinin səhmlərinə müsbət təsir göstərsə də, polad və mədən sənayesi şirkətlərinin səhmlərində kəskin ucuzlaşma müşahidə olunub.
Bazar iştirakçıları həmçinin Avropa Mərkəzi Bankı və İngiltərə Bankının faiz siyasətində dəyişiklik ehtimalını yenidən qiymətləndirirlər. Analitiklər hesab edir ki, Yaxın Şərqdə münaqişənin uzanması qlobal maliyyə bazarları üçün əlavə risklər yarada bilər.