
Bitcoin sabit qaldı
Kriptovalyuta bazarında çərşənbə axşamı ciddi dəyişiklik qeydə alınmayıb. İnvestorlar ABŞ-İran münasibətlərində artan gərginlik və ABŞ inflyasiya göstəricilərinin açıqlanması öncəsi ehtiyatlı davranırlar.
Fins.az xəbər verir ki, Bitcoin son sutkada cəmi 0,5% bahalaşaraq 81 276 dollar səviyyəsində ticarət olunub. Həftəsonu 82 min dollara yüksələn Bitcoin sonradan qazancının bir hissəsini itirib.
Buna səbəb ABŞ prezidenti Donald Trump-ın İranla bağlı hərbi variantları nəzərdən keçirməsi və Hörmüz boğazında əməliyyatların bərpasını istisna etməməsi olub.
Bazar iştirakçıları həmçinin ABŞ-da açıqlanacaq istehlak qiymətləri indeksini (CPI) diqqətlə izləyirlər. Analitiklər hesab edir ki, yüksək inflyasiya FED-in faiz endirimi ehtimalını azalda bilər ki, bu da kriptovalyutalar üçün mənfi siqnaldır.
Digər kriptovalyutalarda da qarışıq dinamika müşahidə olunub. Ethereum 1% ucuzlaşaraq 2 313 dollara düşüb. XRP isə 0,7% bahalaşıb.
Solana, Cardano və BNB dar diapazonda ticarət olunub. Meme tokenlərdən Dogecoin 0,3% artıb, TRUMP isə 1,7% geriləyib.