ABŞ-İran razılaşması Wall Street-i yüksəltdi: Nasdaq 3%-dən çox artdı

ABŞ-İran razılaşması Wall Street-i yüksəltdi: Nasdaq 3%-dən çox artdı

BİRJA
209

ABŞ fond bazarları həftənin ilk ticarət gününü əhəmiyyətli yüksəlişlə başa vurub. İnvestorların optimizminə ABŞ və İran arasında Yaxın Şərqdə hərbi əməliyyatların dayandırılmasına yönəlmiş razılaşma barədə xəbərlər təkan verib.

Fins.az xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp, vitse-prezident Cey Di Vens və İran parlamentinin sədri Məhəmməd Baqir Qalibaf böhranın nizamlanması prosesinin başlanmasına dair memorandum imzalayıblar. Axios nəşrinin məlumatına görə, sənəd elektron formatda təsdiqlənib, rəsmi imzalanma mərasimi isə bu həftənin cümə günü keçiriləcək.

Memorandumun əsas məqsədi tərəflər arasında hərbi əməliyyatların dayandırılmasıdır. İranın nüvə proqramı kimi daha mürəkkəb məsələlərin müzakirəsinə isə sonrakı mərhələlərdə başlanacaq. İran xarici işlər nazirinin müavini Kazem Qaribabadinin sözlərinə görə, bu məsələlərin həlli üçün imzalanma mərasimindən sonra 60 günlük müddət nəzərdə tutulub.

Landsberg Bennett Private Wealth Management şirkətinin nümayəndəsi Maykl Lendsberq bildirib ki, ABŞ və İran arasında əldə olunan razılaşma mühüm diplomatik irəliləyişdir. Onun fikrincə, qarşıdakı aylarda tərəflər arasında yenidən fikir ayrılıqları yarana bilsə də, Hörmüz boğazının açılması neft qiymətlərinin aşağı düşməsinə şərait yaradacaq.

Məhz bu xəbərlərin fonunda dünya bazarında neftin qiyməti təxminən 6% ucuzlaşıb. Bunun nəticəsində ABŞ-ın ən böyük enerji şirkətlərindən olan Exxon Mobil-in səhmləri 3,6%, Chevron-un səhmləri isə 4,1% dəyər itirib.

Neftin ucuzlaşması aviaşirkətlərin səhmlərinə müsbət təsir göstərib. United Airlines, Delta Air Lines və American Airlines şirkətlərinin səhmləri 1,2%-dən çox bahalaşıb.

Makroiqtisadi göstəricilər də investorların diqqət mərkəzində olub. Nyu-York ştatında istehsal aktivliyini əks etdirən Empire Manufacturing indeksi iyun ayında 19,6 bənddən 5,7 bəndə düşüb. Analitiklər göstəricinin 14 bəndə qədər azalacağını proqnozlaşdırırdılar.

ABŞ-da sənaye istehsalı may ayında əvvəlki ayla müqayisədə cəmi 0,1% artıb. Bu isə bazar iştirakçılarının gözlədiyi 0,3%-lik artımdan xeyli aşağı olub.

Korporativ xəbərlər arasında diqqət mərkəzində yenə də texnologiya və kosmik sektor yer alıb. Elon Maskın rəhbərlik etdiyi SpaceX şirkətinin səhmləri IPO-dan sonrakı ikinci ticarət günündə də 19%-dən çox bahalaşıb. Şirkət ötən həftə 75 milyard dollarlıq tarixinin ən iri ilkin kütləvi səhmləşmə əməliyyatlarından birini həyata keçirib.

Texnologiya sektorunda da güclü artım müşahidə olunub. Micron Technology şirkətinin səhmləri təxminən 11%, Sandisk-in səhmləri isə 6,5% yüksəlib.

Paramount Skydance şirkətinin bazar dəyəri ABŞ Ədliyyə Nazirliyinin Warner Bros. Discovery-ni 81 milyard dollara satın almasına razılıq verməsindən sonra 0,7% artıb.

Bununla yanaşı, Fox Corp.-un səhmləri 15% ucuzlaşıb. Şirkət Roku platformasını borclar daxil olmaqla 22 milyard dollara almaq barədə razılıq əldə edib. Roku-nun səhmləri isə 1,9% geriləyib.

Ticarətin yekunlarına görə, Dow Jones Industrial Average indeksi 0,92% artaraq 51 671,03 bəndə yüksəlib. İndeksdə ən böyük artım Boeing şirkətinin səhmlərində qeydə alınıb və onlar 4,6% bahalaşıb. Nvidia, Honeywell International, Amazon və American Express şirkətlərinin səhmləri isə 3%-dən çox yüksəlib.

S&P 500 indeksi 1,65% artaraq 7 554,29 bəndə çatıb.

Texnologiya şirkətlərinin üstünlük təşkil etdiyi Nasdaq Composite indeksi isə 3,07% yüksələrək 26 683,94 bənd səviyyəsində bağlanıb.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
ABŞ-İran razılaşması Wall Street-i yüksəltdi: Nasdaq 3%-dən çox artdı — Fins.az — Fins.az