
Yaxın Şərqdəki proseslərin Azərbaycanda inflyasiyaya təsiri qeyri-müəyyəndir - AMB-nin baş direktoru
Yaxın Şərqdə baş verən proseslərin Azərbaycanda inflyasiyaya təsiri qeyri-müəyyən olaraq qiymətləndirilir.
Fins.az xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının baş direktoru Şahin Mahmudzadə "Maliyyə sabitliyi hesabatı"nın təqdimatına həsr olunmuş mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, regionda baş verən hadisələrin inflyasiyaya təsirini qiymətləndirərkən bir neçə mühüm amil nəzərə alınmalıdır. Belə ki, neft qiymətlərinin artması Azərbaycanın ixrac gəlirlərinin və valyuta ehtiyatlarının yüksəlməsinə, eyni zamanda tədiyə balansının möhkəmlənməsinə səbəb olur.
Eyni zamanda qeyd olunub ki, neftin bahalaşması bir sıra tərəfdaş ölkələrdə inflyasiyanın artmasına gətirib çıxarır və bu da Azərbaycana idxal inflyasiyası şəklində təsir göstərə bilər. Bildirilib ki, ölkənin əsas tərəfdaşlarının əksəriyyəti neft idxal edən dövlətlərdir və bu hal həmin ölkələrin valyutalarının ucuzlaşmasına səbəb olur. Nəticədə bir tərəfdən məzənnə zəifləyir, digər tərəfdən isə inflyasiya artır.
Ş. Mahmudzadə vurğulayıb ki, mövcud şəraitdə Yaxın Şərqdəki proseslərin yekun təsirlərini dəqiq proqnozlaşdırmaq mümkün deyil və Mərkəzi Bank inflyasiya ilə bağlı yenilənmiş proqnozlarını may ayının əvvəlində açıqlayacaq.
Baş direktor əlavə edib ki, hazırkı mərhələdə maliyyə sektoruna ciddi təhdid gözlənilmir. Bununla belə, baş verən proseslər diqqətlə izlənilir və zərurət yaranarsa, müvafiq tədbirlər görüləcək.
Eyni zamanda o qeyd edib ki, inflyasiya kontekstində neft qiymətlərinin artımı idxal, ixrac və valyuta rezervlərinin artması ilə müşayiət olunur. Bu isə tərəfdaş ölkələrdə inflyasiyanın yüksəlməsi fonunda Azərbaycana inflyasiyanın idxalı deməkdir. Bununla yanaşı, inflyasiyanın artacağı və ya azalacağı barədə dəqiq fikir söyləməyin mümkün olmadığı bildirilib və hazırda proseslərin izlənildiyi diqqətə çatdırılıb.
Digər iqtisadi kontekstdə isə cənub qonşuları ilə münasibətlərdə ixrac və idxalın payının yüksək olmadığı qeyd edilib. Bu səbəbdən də hazırkı mərhələdə maliyyə sektoruna hər hansı ciddi təhdid gözlənilmir.